ŞANSINI BİR DƏ SINA - Kəmaləddin Qədim 

Ədəbiyyat 08:59 / 31.07.2025 Baxış sayı: 1059

 

Bir gün aşiq olasan

Nur üzlü bir qadına.

Üç-beş aya bir kitab

bağlayasan adına.

 

Necə gözəl sevirsən,

sevilirsən sanalar.

Ona hər gün yazdığın

şeiri qısqanalar.

 

Asılasan özündən,

özünə dar olasan.

Dilə-dişə düşəsən,

aləmə car olasan.

 

Yaşına irad tuta,

saçda dəni sevməyə.

Üzünə xoş baxmaya,

bir gün səni sevməyə.

 

Nə vaxt dinsən, hədd qoya,

araya sərhəd çəkə.

Sənə çəkdirsə nə var,

özü də həsrət çəkə.

 

Ölümünə gün qala,

el gəlməmiş yasına

Ondan bir mesaj gələ:

"Şansını bir də sına..."