Xatirə Fərəcli : - MƏN ELƏ SANMIŞDIM

Mən elə sanmışdım, əzizdir xətrim,
Yaxının saydığın adamam sənə.
Ürək qızdırarsan, ürəyim qızar
Bir taxt qurub tac qoyarıq güvənə.
Mən elə sanmışdım, göy üzü boyda
Sığınacaq yerim, gen çətirimsən.
Ruh ilə, hiss ilə eyniyik elə
Sən də mən havalı, mənim birimsən.
Mən elə sanmışdım, haqqım, divanım,
Üzümü tutmağa Kəbəm olarsan.
Düzləyib ömrümün cadarlarını
Dupduru su kimi axıb dolarsan.
Mən elə sanmışdım, mayaksan daha
Qoymazsan qərq olub sularda azım,
Sayəndə xoş görüb gördüklərimi
Həyatı bir şirin yuxuya yozum.
Mən elə sanmışdım, ağrılarıma
Bir dünya əlacsan, bir aləm çara.
Azalmaq yerinə daha da gəldi
Üstünə sən adlı bir açıq yara.