Saqif Qaratorpaq : - - Bu gecə yuxuda elə qaçmışam…

Ədəbiyyat 12:33 / 31.07.2025 Baxış sayı: 1352

Bu gecə yuxuda elə qaçmışam…

Nə sənə çatmışam,nə də dənizə.

Yollarmı ayırdı bizi? Bilmirəm…

Mən sənə həsrətəm,sən də dənizə.

 

Qumnan tikdiyimiz evimiz hanı?

Zamanın suları yuyub apardı.

Şirin xatirələr bəyaz mirvari,

Bir uşaq cibinə qoyub apardı.

 

Dağıtmaz saçını ciyninə külək…

Öpməz ayağını dalğalar daha.

Tutub buza dönən xırda əlindən

Yüyürüb çatmarıq bir də günaha…

 

Yamanca çıxmışıq baxtın yadından,

Biz olan sahillər yadına düşmür.

Bir qum dənəsidi ömrün hər günü,

Nə mənim,nə sənin adına düşmür.

 

Yazmaz sinəsinə ağladığını,

Salıb əllərindən itirib dəniz…

Təzə sevgilərə açıb qoynunu,

Köhnə sevgiləri batırıb dəniz.

 

Uçur qağayılar qəm havasına,

Dalğalar hirsini çırpır sahilə.

Mən də bu yuxunu beləcə yozdum…

Bəlkə də ömrümüz yuxuymuş elə.