Sona Vəliyeva : - BULUD ARZULAR

(Təyyarədən göyə və yerə baxış...)
Məgər görmürsünüz ki, Allah buludları qovar,
sonra onları bir araya toplayar, sonra da üstüstə
yığıb topa halına salar. Və görürsən ki, o
buludların arasından yağmur çıxar, sonra Allah
göydən dağlar kimi (çox və böyük) dolu yağdırar,
sonra da onunla istədiyini bəlaya düçar
edər, istədiyindən də onu sovuşdurar. Buludların
şimşəyinin parıltısı az qala gözləri kor edər.
(Qurani-Şərif”, “Nur” surəsi, 43-cü ayə)
Bulud olam, İlahi,
qoşulam ağappaq bulud köçünə,
heç kim görməyə,
heç kim inanmaya gedişimə,
bulud çiçəklərim,
ağaclarım,
bulud qonşularım,
yağış dostlarım ola…
Bulud olam bir gün…
Qəfil çəkiləm göy üzünə,
kimsə duymaya...
bulud olub,
qonşu olam göy üzündə ulduza, aya.
Darıxanda yerə bulud gözümdən
yağış göndərəm məni arzulayanlara,
sevdiklərimə,
doğmalara.
Göz yaşımdan,
yağışımdan
Yer üzü yaşıl geyinib bəzənə…
Bulud qəlbim sevinə
göyərtdiyim gözəlliyə.
Bəzən də,
bəzən də
dualarım bulud ölkədən
ağappaq yolla
tez çata Allaha.
Tanrım,
ağappaq bulud qadına çevir məni.
Göy üzündə göyərim,
görüm sevdiklərim,
göy üzünə baxanlarım,
yaxınlarım,
doğmalarım
görüb, tanıya biləcəkmi məni?
Görüm kim darıxıb ağlayacaq
bulud olub,
yerdən köçüb
göy üzünə çəkilənə.
Görüm necə olur
qeybə çəkilmişin
bulud kimi doğulmağı?
Bir gün də dözməyib
sevdikləri üçün darıxmağı,
yağış olub təzədən
yer üzünə qayıtmağı…