Yusif Millətoğlu - BELƏ
Leysandan sonrakı seldə gücə bax,
Yarır qayaları axıdır belə!
Naləsi qəlbimi göynədir inan,
Bülbülü hansı dərd oxudur belə?
Düşmən viran qoyan bağımı gəzdim,
Neçə çiçəyindən, gülündən üzdüm,
Dərib meyvələrdən taxçaya düzdüm-
Gördüyüm ən şirin yuxudur belə.
Bu dünya fanidir, bu dünya yalan,
Kimdir bu dünyada kamını alan?
Ceyran yaralısa sancılıb qalan-
Naşı bir ovçunun oxudur belə.
Mərhəmət, halallıq adi söz indi,
Ha çalış inandır, keçmir düz indi...
Az qala pul üçün tökür göz indi-
Bu gün insanların çoxudur belə.