İmarət Cəlilqızı - Xocalıya rekviyem

Ədəbiyyat 10:45 / 25.02.2026 Baxış sayı: 613

 

 

Xocalı…

İnsanların göy altında

doğulmaqcün, yaşamaqçün

qurduqları yurd-yuvası.

Xoşbəxt olub gülmək üçün,

sevmək üçün, sevilməkçün,

vaxt çatanda ölmək üçün

 qurduqları yurd-yuvası...

 

Sinəsinə doyunca baş

qoymadığı,

qucağından yetərincə

doymadığı

dağı, daşı, çölü, düzü -

halalı…

 

Bu fələyin bir məkandan

yüz məkana dağıtdığı,

inlətdiyi,

doğma ocaq həsrətiylə

                       ağrıtdığı,

göynətdiyi

köksüdağlı insanların

ürəyinin ortasına topladığı,

ürəyinin ortasına sapladığı

dərdi, qəmi, məlalı…

 

Bir kiçicik qızcığazın

nağılların dünyasından

kirpiklərilə yığdığı,

məsum gözüylə baxdığı

alt dodağı yer süpürən,

üst dodağı göy süpürən,

nəfəsindən od püskürən

yeddibaşlı əjdahalar,

dəyirmandaşlı divlərin

gerçəkləşmiş xəyalı…

(…köksü üstdə kitabının

   qan naxışlı vərəqləri,

nağıl dolu kirpikləri

hürküdülmüş bir yavrunun

aynasına dəhşət şəkli

həkk olunmuş bəbəkləri…)

 

Arzuların, ümidlərin

dünyasında fəsil-fəsil,

fəqət bu gerçək aləmdə

tək sətri də yazılmamış

bir məhəbbət tarixçəsi.

   Səksənərək xəyallardan

   qopub düşmüş nəvazişlər...

   

 Donmuş soyuq cəsədləri

 qar altında basdırılmış

neçə nakam sevgilinin

heç istisi soyumamış

yumuşaq ala yorğanı...

      Gülləbatmaz ruhlarıyla

     qucaqlaşıb göyə uçmuş

      əbədi əhdi-peymanı...

dəlicə aşiq ruhların

 güllələrlə şırımlanan

şaxtalı qış səmasında—

odlu-buzlu cəhənnəmdə vüsalı...

 

Yaşamağa haqqı olan,

halal haqqı yandırılan,

halal haqqı dondurulan

alçaldılmış insanların

çatlamış gorları içindən ucalan,

illərlə cavabsız qalmaqdan qocalan

“Bizi niyə öldürdülər?!.” sualı...

 

Hələ ölmək istəməyən

yüzlərlə nakam insanın

hələ gəlmək istəməyən,

güllə qabağında gələn əcəli...

 

Insanın öz həmcinsinə

çəkdirdiyi işgəncənin

Xirosima, Buhenvalddan,

Xatından daha dəhşətli,

yüz dəfə daha tutarlı misalı...

 

 

Xocalı…

Qocadan qoca tarixin

dünya binə olan gündən

bəşəriyyət qarşısında

heç vaxt əfv olunmayacaq

bağışlanmaz babalı!..