Ələsgər ƏLİOĞLU -  XOCALI FƏRYADI

Ədəbiyyat 12:47 / 25.02.2026 Baxış sayı: 534

 

(FRAQMENTLƏR)

I

XX Əsr!

Qoca yaşında

O gecə batdın bir şəhər günaha.

Dilsiz-ağızsız körpələrin yalvarışından,

Düşündüm ki,

Üfüqlərdən bir də doğmaz gün daha...

XX Əsr!

O gecə

Mağara zəhmli bir yuxu gördüm.

Gördüm ki,

Əlhəd daşını unudub necə,

Yeltsinin qoluna girdin!..

XX Əsr!

O gecə

Hələ bir ay vardı yaza,-

Qan çiçəkləri düzüldü qoynuna sənin.

Dilə tuta-tuta yoxsa,

Vazgen xaç keçirdi boynuna sənin!?

XX Əsr!

Yatmısansa oyan,

Oyaqsansa eşit,

Unutma,

Yalan ağacı

Verməz bar axı!..

Bizim haqq yolunu

Gəl ucuz tutma,

Qanlı köynəyidir

Türkün bayrağı!..

II

İkiayaqlı vəhşilər

Körpələrə güllə atdı;

(Dördayaqlılar da

Yol verməzdi buna!)

İkiayaqlı vəhşilər

Körpələri aldatdı;

(Dördayaqlılar da girməzdi bu oyuna!)

Əmziyə bənzəyirdi

İkiayaqlı vəhşilərin

Atdığı güllələr.

Döşündən süd deyil,-

Ölüm...ölüm süzürdü lülələr...

Körpələrin

O gecəki fəryadını

Kağıza, kasetə köçürmək günahdı,-

Yaddaşa, yaddaşa köçürməliyik!

Körpələrin o gecəki ahı

Bizi tutmasın deyə,

Torpağımızı-özümüzdən,

Özümüzü-torpağımızdan keçirməliyik!..

Həqiqətdən qurşaq tutub,

Yerə vurmalıyıq böhtanı, şəri...

Çıxıb qanadı altdan

Allahımızın

Dizi üstə çökdürməliyik

İkiayaqlı vəhşiləri!..

III

O gecə

Bir parça torpağımızı

"İkibaşlı qartalın"

Caynağından saldıranmadıq.

Nəhəng bir tabuta döndü Xocalı,

Çiynimizə qaldıranmadıq!..

IV

O günahsız qanları

Vəhşilər gecə tökdü ki,

Görünməsin bir qan ləkəsi də,

Eşidilməsin bir ah da...

Gündüz belə qan töksəydi onlar,

Hələ bəndə bir yana,

Götürməzdi Allah da!..

V

O gecə

Qara qanlar axdı,

Türk dünyasının qəlbindən.

O gecə

Atatürkün ruhu

Qılınctək siyrildi qəbrindən!..

O gecə

O ruh and içdikcə-içdi;

"Bu gündən

Uğrunda baş qoyduğum

Bu torpaqda yatmayacam.

Düşmənin kürəyini yerə vurmayınca,

Qəbrimə qayıtmayacam!.."

O gecə

O ruh qovrulduqca-qovruldu,

Gərdi hər döyüşə,

Hər cəngə sinə.

O gecə

O ruh dayaq durdu

Yağıların üstə yeriyən

Ərlərin cərgəsinə!..

VI

Təbiət də başladımı

Türk dünyasına qəstə!?

Bəlkə də Qorbaçov kimi,

Günahsız qanları

Ört-basdır etsin deyə,

Qardan örtük çəkdi

Xocalının üstə!?

Dayan,

Dayan, təbiət,

İnadından əl götür,

əl çək!

Yağdırdığın o qarı

Türkün odlu nəfəsi

Onsuz da əridəcək!..

VII

Neçə ki, yağılar

İşıqlıda gəzir belədən-belə,

Babək,

Qılıncını endir boynumuza!

Qoç Koroğlu,

Bizi qanımıza bələ!..

VIII

Bizi bağışlama,

Udduğumuz hava,

Boy atdığımız torpaq!

Bizi bağışlama,

İçdiyimiz su,

Başına dolandığımız çıraq!..

Qeyrətimiz kütləşər

Bağışlana-bağışlana.

Türkün zülmət gecəsi

Haçankı işıqlanar;

Elə onda nəfəs dərib,

Haqq-hesaba başlarıq.

Elə onda

Özümüz də

Özümüzü bağışlarıq!..

Mart,1992