Samir Əsədli - Dənizin duzu sözün dadında
 

YAZARLAR 22:40 / 24.02.2026 Baxış sayı: 350

 

 

Dənizçinin yuxusuna

Torpaq ətri girər hər gün.

Yanıb sönən mayaklarda

Ümüd adlı bir közərti görər hər gün.

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

dənizçiyə ad qoyarlar-

su dəlisi.

Bu misralar oxunanda ilk ağla gələn obraz romantik deyil. Bu, gerçəkdir. Çünki burada şeir uydurma duyğunun yox, yaşanmış taleyin səsidir. Faiq Balabəylinin poeziyası elə buradan başlayır və dənizçinin yuxusundan, torpaq qoxusundan, suyla torpaq arasında qalmış bir adamın iç dünyasından…

Bəzi adamların taleyi kağız üzərində deyil, küləkdə yazılır. Onların ömrü masa arxasında yox, üfüqlər arasında formalaşır. Faiq Balabəylinin də şeirləri dörd divar səssizliyində deyil, dalğaların səsində eşidənlərdəndir. Söz onun üçün bəzən qələm olub, bəzən sükan və bəzən də gecə növbəsində dənizə baxan tək bir adamın içinə dolan sükut.

Onun poeziyasında dəniz obraz deyil, xatirədir. Dalğalar metafora yox, yaşanmış gündür. Limanlar ayrılıqların, qayıdışların ünvanıdır. Dəniz Balabəylinin misralarında nəfəs alır, danışır və bəzən də susur. Elə buna görə də bu şeirlər şirin deyil- duzludur. Həyatın öz dadı var bu sözlərdə.

Bu duzlu sözlərin içində ölüm də var, qorxu da, qəbul da. Amma bunlar süni kədər kimi yox, sakit bir insan barışı kimi gəlir oxucuya:

Mən də öləcəyəm günün birində,

məni də dostlarım yad edəcəklər.

Elə kəndimizin qəbiristanında,

dədəmin, əmimin, əmim oğlunun,

hələ bığ yerinə təzə tər düşmüş

qardaşım oğlunun həndəvərində…

Bu misralar ucadan oxunmur. Bunlar adamın içində oxunur. Burada ölüm vahimə deyil, taleyin bir parçasıdır. Şair qorxutmur, ağlatmır, sadəcə deyir. Dənizçi kimi- hava pisdirsə, “pisdir” deyir, gizlətmir.

Faiq Balabəylinin sözü vitrinlər üçün deyil. Onun misralarında bəzən kobudluq kimi görünən bir dürüstlük var. Bu dürüstlük dənizçi xasiyyətindən gəlir- nə varsa, açıq demək. Şeirdə də, publisistikada da özünü bəzəmir. Sözə kostyum geyindirmir. Sözün alnını açıq saxlayır.

Bu səmimiyyət onun kədərində də, sevgisində də hiss olunur:

Gəldim uzaq bir səfərdən

Gəldim bir kimsə bilmədi

Ürəyimdəki ağrıya

Güldüm, bir kimsə bilmədi.

Bu şeir dənizdən qayıdan adamın sükutudur. Hamı gülüşü görür, amma içdə qalan ağrını yox. Faiq Balabəylinin poeziyasında bu görünməyənlər əsasdır. O, hay-küyə yox, iç səsə qulaq asır.

Onun sevgi şeirləri də yalvaran deyil və sınanmış sevgilərin dilidir:

Bir də yoluma çıxma,

gözləmə məni;

hərdən nəfəsim gedir,

qayıtmaq istəmir,

sənin kimi…

Burada romantik oyun yoxdur. Burada yorğunluq var, yol var, geri dönməyən nəfəs var. Bu şeirlər həyatın öz ritmi ilə yazılıb.

Faiq Balabəyli yalnız şair deyil, sözü qoruyan adamdır. Jurnalistikada da mövqeyi eyni dəniz kimidir dalğalı, amma istiqamətli. O, sözün də sükanı olduğunu bilir: düzgün tutmasan, səni sahilə yox, qayalara aparar. Ona görə də yazıları sakit deyil, amma dürüstdür.

Onun poeziyasında ailə, ata-övlad münasibəti, yoxluq ağrısı da xüsusi yer tutur. Bu misralar bəzən şeir yox, bir evin iç səsidir:

Deyirsən ki, qış gedib

ağaclar çiçəkləyib

quşlar qayıdıb gəlib.

Amma eyvanımızda

yuva quran alabaxtalar

səndən sonra görünmür…

Bu şeirlərdə zaman dayanır. Oxucu söz oxumur, səhnəyə baxır. F.Balabəyli oxucunu inandırmağa çalışmır, yaşatmağa çalışır.

Bu gün onun ömrü iki sahə arasında uzanır: biri dənizin göy üfüqü, biri sözün ağ səhifəsi. Nə şairliyi dənizçiliyinə mane olub, nə də dənizçiliyi sözün yolunu kəsib. Əksinə, biri o birini tamamlayıb. Ona görə də onun şeirlərində süni parıltı yox və həyatın duzu var.

Və bu söz yolunun sonunda, yenə sakit, yenə iddiasız bir səs eşidilir:

…Və bir gün görərsən qayıtmışam mən,

Həminki adamam, dəyişməmişəm.

O şirin anları oyatmışam mən,

Həminki adamam, dəyişməmişəm.

Bu misralar vəd də deyil, iddia da. Bunlar sadəcə bir adamın öz taleyinə verdiyi səssiz sözdür. Dəniz kimi dəyişkən, amma həmişə özünə sadiq bir adamın sözü. Bu gün Faiq Balabəylinin ömür yolunda daha bir il tamam olur. O, həyatının müdrik çağlarından birini yaşayır. Qoy söz yolu açıq, qələm nəfəsi tükənməz, canı sağlam olsun.