Adil Şirin - Ümidlər işıl-işıl

Ədəbiyyat 11:30 / 24.02.2026 Baxış sayı: 509

* * *

Ümidlər işıl-işıl,

Səməni kimi yaşıl.

Çağlayanda göy sular,

Çiçəkləyir arzular.

 

Nə xof bildik, nə qorxu,

Ölüm bizə bir yuxu.

Yuxunu xeyrə yozduq,

Düşmən səfini pozduq.

 

Çərşənbə axşamları,

Yandırdıq ağ şamları.

Odladıq ocaqları,

Hayladıq uşaqları.

 

Gedəni uğurladıq,

Gələni ağırladıq.

Səməni kimi yaşıl,

Ümidlər işıl-işıl.