Aləmzər Sadıqqızı - Açıl ey sabahım...

Ədəbiyyat 11:20 / 24.02.2026 Baxış sayı: 581

 

Açıl ey sabahım, doğ ey Günəşim,

Bəlkə bu gecədən sağ çıxa bilim...

Bu qədər ağrının, yükün altında,

İlahi, səninçün darıxa bilim...

 

Bəlkə bu şeirlə qatıb başımı,

Dərdimi sabaha daşıya billəm.

Bu ağır gecədən səhərə çıxsam...

Bəlkə yüz il ömür yaşaya billəm...

 

Gözümdən sürüşən yuxularımı,

Kipriyim yorulub saxlaya bilmir.

Ürəyim heyrətdən ağrımır daha,

Nə də ki, gözlərim ağlaya bilmir...

 

İlahi, bu dünya sənin əlində...

Bir az da bizləri güldür İlahi,

Bir az yaxşıları qoru əzizim,

Bir az ölməlini öldür, İlahi!

 

Yenə diz çökmüşəm sənin önündə,

Əl məndən ətək də səndən Sevdiyim!

Məni bu gecədən ötür sabaha...

Əhv səndən, günah da məndən Sevdiyim!