Rafail Inceyurd Ismayilov - Təlqin

Ədəbiyyat 12:20 / 24.02.2026 Baxış sayı: 503

Dünyanın axırı çatmayıb hələ

 

Ürəkdə gözlənti bəsləyiriksə,

Sidq ilə inanmaq istəyiriksə,

Əl açıb Allahı səsləyiriksə,

Dünyanın axırı çatmayıb hələ.

 

Nə sevda əbəsdi, nə coşqu əbəs,

Bir ayrı həvəsdi, vallah, bu həvəs.

Göylər görünürsə, gəlirsə nəfəs,

Dünyanın axırı çatmayıb hələ.

 

İlahi sevgilər kəsib yolunu,

O məsum bəndələr ləngidir onu.

Yox, hələ görünmür, bilinmir sonu,

Dünyanın axırı çatmayıb hələ.

 

Gördükcə gülüşən tər cocuqları,

Sanki, yaddan çıxır can uçuqları.

Deyir qızılgülün tumurcuqları:

-Dünyanın axırı çatmayıb hələ.

 

Zalım sərnişinlər düşür qatardan,

Kimsələr gələcək kim bilir hardan.

Hələ keçməmişik sonuncu turdan,

Dünyanın axırı çatmayıb hələ.

 

Tanrım! Səndən uca yoxdusa heç kim,

Duam hara getdi? Necoldu ərkim?..

İndi nə deyirsən? Mən deyirəm ki,

Dünyanın axırı çatmayıb hələ.

 

...Bir yanda olacaq, bir yanda olan,

Təntiyib yozuma yalvarır güman.

Axırın mübarək, a gözəl yalan –

Dünyanın axırı çatmayıb hələ.

24.02.26