TARİXİMİZİN SİLİNMƏZ YARASI, QAN YADDAŞIMIZ XOCALI….
Azərbaycanın qədim insan məskəni olan Xocalı XX əsrdə ermənilər tərəfindən üç dəfə soyqırıma məruz qalıb. Birinci dəfə 1905-1907-ci il, ikinci-1918-1920-ci il, üçüncü və ən dəhşətlisi isə 1992-ci ildə olmuşdur.
Yaşı ta bizim eradan əvvəlki tarixə söykənən Xocalı... Bəlkə də yatsaydın yuxuna belə girməzdi ki, tarixin bir anında, tarix kitabında yaddaşlardan silinməyən bir qanlı gün yaşayacaqsan... Elə bir gün ki, o təkcə sənin deyil bütün Azərbaycanlıların, Türk dünyasının yaddaşına “Xocalı Faciəsi”, “Soy Qırım” günü kimi tarixdə iz buraxacaq, göz yaşıyla xatırlanacaq.....
1992-ci il, fevral ayının 25-dən 26-sına keçən gecə.... Qətliyamlı, ürək dağlayan, tarixə, insanlığa sığmayan bir faciənin yaşandığı o gecə, o tarix...
Sanki həmin gecənin gündüzü də gecənin ürək dağlayıcı, vahiməli bir gecə olacağından xəbər verirdi. Düşmənin gecənin qaranlıqlı, süst, lal, kar vaxtında dinc əhalinin üzərinə hücum edəcəyini, tariximizə arzuolunmaz bir qan yaddaşı yazacağını deyirdi. Xocalı sakinləri bu cür ağrı-acını yaşayacaqlarını heç ağıllarına belə gətirməzdilər. Düzdü ki, onlar düşmənin amansız olduğunu bilirdilər, ancaq öz insani duyğularına söykənərək düşünürdülər ki: “yox, düşmən də olsalar, belə etməzlər, axı onlar da “insan övladıdırlar”. Daha nə biləydilər ki, düşmən tülkü libaslı birisidir, onlara insan övladı deməyə belə dil gəlmir. Axı bir zamanlar indi erməni adlandırılanlara o adı da biz verdik, yer verdik, ər dedik, mən dedik, ərməni dedik, axırda da yersiz, yurdsuz qalan haylar biz Azərbaycan türklərinə: “yersiz gəldi, yerli qaç” deyib, Xocalıları (eyniylə, bir vaxtlar qərbi azərbaycanlıları, İrəvan Xanlığının yetirmələrini didərgin, qaçqın etdikləri kimi) yerlərindən, Yurdlarından didərgin, qaçqın etdilər. Özü də gecənin zülmətli, vahiməli qaranlığında, yerdə yalnız yağan qarın “ağ işığında” qanlı qətliyama qərar verdi insanlığı ayaqlar altına atan azğın, vandal düşmənin başda oturanları, insanlıq deyilən duyğudan azanları…
Həmin gecə, yəni 1992-ci il, fevral ayının 25-dən 26-sına keçən gecə, o insanlığa sığmayan cinayət əməli nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, ümumilikdə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
O, vahiməli gecədən, Xocalı şəhərində yerli əhaliyə, yəni azərbaycanlılara qarşı yağı düşmən olan erməni şovinizminin törətdiyi soyqırımından artıq 34 il keçir. O kədərli günü, tarixi, vandal erməni qəsbkarlarının vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini hər il kədərlə, dərin hüznlə yad edirik. Miqyasına və ağırlıq dərəcəsinə görə Xocalı soyqırımı əslində insanlığa sığmayan bir Cinayətdir. Bu cinayətə həm bir xalq, həm də bir dövlət olaraq sarsılmış və bütün dünyaya bəyan etmişik. Elə "Xocalıya ədalət" beynəlxalq kampaniyası da 2008-ci ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Xanım Əliyevanın təşəbbüsü ilə bu niyyətlə yaranmışdır. Düzdü ki, Dünya Birliyi, Avropa Şurası, daha neçə-neçə xarici qurumlar, guya ədalətə dəstək olacaqlarını vəd etsələr də sözlərini tutmamış və Xocalı Faciyəsinə, Soyqırımına layiqli qiymət verməmişlər. Ancaq gec də, olsa haqq-ədalət öz yerini tapdı. Xalqın, Müzəffər Ordunun, Cənab Ali Baş Komandanın bir yumruq-Dəmir Yumruq ətrafında sıx birləşməsi nəticəsində biz azərbaycalılar öz tarixi, əbədi və əzəli Yurdumuz olan Xocalını yenidən özümüzə qaytara bildik. Hətta nəinki Xocalını, bütövlükdə Qarabağımızı mənfur yağı düşmənin, arzuolunmaz “qonşu” olan ermənilərin iyrənc tapdağından azad edə bildik. Atalarımız bir zaman boş yerə deməyiblər ki: “El bir olsa, dağ oynadar yerindən!”
Bəli, bu gün üçrəngli, ay, ulduzlu, şanlı, şərafətli Bayrağımız Xocalıda, Xankəndində, Şuşada, Laçında, Ağdərədə, Qubadlıda, Xocavənddə, Zəngilanda, Cəbrayılda, Ağdamda, Füzulidə şərafətlə dalğalanır. Bu şərafət tarixini bizə yaşadanlara eşq olsun. Mən, həm bir jurnalist, həm də bir vətənpərvər şair Nazlı Yazar olaraq iştirak etdiyim tədbirlərdə hər zaman özümə borc bilmişəm qeyd edəm ki:” Biz əgər bu gün bu gözəl məmləkətimiz, Anamız Azərbaycanın Vətən torpaqlarında şaqraq addımlayırıqsa, aydın səmada nəfəs alırıqsa məhz, bir zamanlar “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyib də, “Qarabağ Bizimdir!” “Qarabağ Azərbaycandır!” nidasıyla çıxış edən cənab Ali Baş Komandanımıza və onun Dəmir Yumruğu ətrafında sız birləşərək bizə qalibiyyət yaşadan Müzəffər Ordumuza, Cənnətlik Şəhidlərimizə, yarıəzalı Qazilərimizə hər birimiz bir can borcluyuq! Eşq olsun Vətənini Sevən Vətən Övladlarına! Fərq etməz, tarixin ta o başından, bu başınadək bu Vətənin varlığı uğrunda canını fəda edən, Şəhidliyə yüksələn bütün Şəhidlərimizin nurlu ruhları qarşısında baş əyərək, qazi və veteranlarımıza sağlam can diləyərək arzu edirəm ki, Anamız Azərbaycan bir daha ağrı-acı, dərd-bəla görməsin. Şərafətli Bayrağımız hər zaman uca zirvələrdə dalğalansın!
Bəli, artıq bu gün ürək üzən, gözlərdən gilə-gilə yaş süzən bir tarix, “Xocalı Faciəsi” adlı faciəni yaşayan Xocalı Azaddır! İndi Xocalıda və eləcə də düşmən tapdağından azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Artıq bu torpaqlarda həyat yenidən canlanır. 34 il bundan öncə bir gecədə məhv edilən Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır. Quruculuq işləri nəticəsində yenidən dirçələn Xocalı şəhəri ilk sakinlərini qarşılayıb. Dövlət başçımız İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə getmiş və Xocalıya köçən sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etmişlər.
Xocalım, tarixini, dünənini unudanın bu günü, sabahı parlaq olmaz. O, ürək dağlayan günlərini bir daha yaşamamaq diləyi ilə bir zamanlar sənin və sakinlərinin yaşadığı agrılara ürək yanğısıyla yazdığım “Qəmlisən Sən Xocalı” şeirimi oxucularımızla bölüşmək istəyirəm.
Ürəkləri Dağlayan, Qan Yaddaşımız Olan Xocalı Soy Qırımına Ürək Yanğısıyla Yazdığım
“Qəmlisən Sən Xocalı” Adlı Şeirim.
Nə yaman kədərlisən, qəmlisən sən Xocalı,
Bir gecənin içində tərk etdi ruhlar canı…
Analar başlarına bağladı qara şalı,
O, gecə qəsd etdi, yağı düşmən çaqqalı…
Min doqquz yüz doxsan ikinci il, fevral ayı,
Qara buludlar sarıdı, işıqlı, nur ayı..
Ürəkləri dağlayan Qan Yaddaşım Xocalı…
Belə dərdə dözməzdi nə Ələsgər, nə Alı,
Göz yaşına qərq olub, yazdı bu Yazar Nazlı…
Fevralın iyirmi altısına keçən gecə,
Gözləri yaşlı qoydu, qətlyamlı o gecə.
Mənfur yağı düşmən, sən ahıl, uşaq bilmədən,
De necə qıydın necə, qəfildən gecə ikən?!
O, qarlı soyuq gecə, o ahlar qalxdı ərşə,
Dünya Birliyi bəsdir, bəs, qiymət ver bu işə!
Ağappaq o qarlı yer, al qanlara bələnib,
Günahsız ahıl, uşaq gülləbaran edilib!
İgidlərlə bir yerdə, eloğlu Çingiz çəkib,
Dünyaya bəyan edib, hayqırıb belə deyib:
“Ey dünya bil, tani, erməni adlı nadanı,
Tülkü libası geyib, insanlıqdan azanı!
Unutmayaq uşaqların, ahılların ahın,
Unutsaq cavabı nə, nə olar bu günahın?!
Unudarsaq bilin ki, tarix təkrarlanacaq,
Yenə də göz yaşları, ürəklər dağlayacaq.
Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı,
Vətənpərvər Şair Nazlı Yazar