Fərhad Tapdıqoğlu - Təbiiliyi itirə -itirə gedirik...

YAZARLAR 10:04 / 24.02.2026 Baxış sayı: 470

Keçən əsrin 80-ci illərinin ortalarında Moskva şəhərində ezamiyyətdə olarkən ,Mərkəzi univermaqdan 3 ədəd süni qərənfil almaq üçün yarım saatdan çox növbəyə dayanmışam.

Onu da qeyd eləyim ki,bir

nəfərə 3 ədəddən artıq gül satılmırdı.

Mən o gülləri evə gətirəndə ailə,uşaqlar necə sevinirdilər."Niyə çox almamısan" -deyə soruşurdular.Mən cavab verməkdən yorulmuşdum.

Qohumlar da onlara almadıqlarımdan məndən incik düşmüşdülər.

... Sonralar süni güllərin satışı respublikamızda da təşkil olundu.Süni güllərdən olan hədiyyələr ən gözəl hədiyyələr sırasında idi...

...Qanlı 20 Yanvarda təbii qərənfillər yas gülləri sırasına keçdi...

Elə o illərdən süni güllər də məzarlıqları bəzəyir...

...İndi ətirsiz ,dekorativ güllər də çox becərilir.

Rəngli kağızlardan kəsib, süni güllər buketi düzəldib hədiyyə vermək də,dekorativ güllər buketi bağışlamaq da artıq çoxdan dəbdədir...

...İndi hər şey süniyə doğru sürətlə gedir.

Süni yumurta,süni düyü,süni kələm,süni ət...süni qidalar...

İnsanlar arasında saxta ,süni mehribançılıq,süni gülüş,süni təbəssüm...

Bəzən ağlamağımız da sünidir...

Ətrafımız süni insanlarla doludur.

(İnsanın nəfəs almağı çətinləşəndə ona süni nəfəs verilməsi olub və davam edir...)

...Artıq süni intellekt həyatımizin bir hissəsinə çevrilməkdədir...

İntellekt də süni...

( Süni intellektin diktəsi ilə şeir, hekayə,povest, roman "yazanlar" da ,mahnı " bəstələyənlər " də getdikcə artır...)

Təbiiliyi itirə -itirə gedirik...

Süni həyat,süni insan,süni ömür...

Allah köməyimiz olsun.Amin.