İmarət Cəlilqızı - Yələn
Mənim böyük bibim ucaboy, arıq, solğunbəniz, azdanışan, təmkinli, xanım-xatın bir kənd qadını idi. Əynində onun yaşında olan kənd qadınlarının çoxunda olduğu kimi, tünd rəngli parçadan topuğuna qədər uzun, qırçınlı tuman, boynu və qolları düyməli gen köynək, labada (ləbbadə, yəni jilet) və ya xüsusi biçimli pencək, başında mütləq örpək olardı. Bu geyim dəstini boyundan keçirib beldən bağlanan önlük tamamlayırdı. Bibimin və onun kimi geyinən digər kənd qadınlarının hətta qonaq gedərkən geyindikləri bayır-bacaq paltarlarının də mütləq önlüyü olurdu. Ayaqlarına isti vaxtlarda adi iplik corab, qışda isə özünün rəngbərəng iplərdən toxuduğu naxışlı yun corab geyinərdi. Bibimin corabları toxuduğu xalçaların naxışlarını xatırladardı.
Mən namaz qılmağın necə bir iş olduğunu ilk dəfə bibim namaz qılarkən görmüşəm. O bizdə namaz qılanda anam bizə ciddi tapşırırdı ki, səs salmayaq və onun olduğu otağa girməyək. Mənə isə bu ritual çox maraqlı gəlirdi və mən qapını azca aralayıb bibimin hərəkətlərini izləyir, pıçıltı ilə nə söylədiyini bilmək istəyirdim. O anlarda bibimin solğun çöhrəsi, gözlərindəki ifadə məndə qəribə hisslər yaradırdı. Mənə elə gəlirdi ki, lap qapını açıb içəri girsəm belə, bibim bunu hiss etməz.
Bibim qonaq getməyi çox da xoşlayan birisi deyildi. Amma Ramazan bayramında mütləq bizə gələrdi (biz o vaxtlar bu bayrama "oruc bayramı" deyirdik və mən elə başa düşürdüm ki, bəzi adamların bir ay boyunca səhər lap tezdən ta hava qaralanadək yeyib-içməmək qaydasını Oruc adlı adam qoyub, ona görə də ona "Oruc bayramı" deyirlər). Onların həyətində böyük bir tut ağacı vardı və bibim bizə gələndə digər sovqatlarla bərabər tut qurusu, bəhməz, irçal da gətirərdi. Bir də təndirdə bişirdiyi ətirli bayram külçəsi. Bibimin bişirdiyi o sadə, o çox dadlı bayram külçəsinə sonralar mən heç vaxt heç yerdə rast gəlməmişəm.
Məlumdur ki, sovet dövründə Ramazan tətili olmurdu, hamı adi günlərdəki kimi, işə, biz uşaqlar da məktəbə gedirdik.
Bir gün mən məktəbdən gələndə gördüm, bibim bizdədir və yenə də çoxlu bayram sovqatı gətirib. Bibimlə görüşdük, anam dedi ki, əllərini yu, paltarını dəyiş, gəl süfrəyə.
Günortadan sonra dərnək məşğələmiz vardı deyə mən paltarımı dəyişmədim, elə məktəbli formasında - ovaxtkı pioner qızların isti günlərdə geyindiyi qara yubka və ağ köynəkdə qaldım. Otaqda o yan-bu yana getdikcə hiss edirdim ki, bibim mənim paltarıma baxır. Uşaq olsam da, hansısa sövq-təbii bir duyğunun təsiri ilə bu baxışlardan narahat olurdum...
Mən bibimlə salamatlaşıb dərnəyə getmək üçün qapıya yönələndə bibim dedi:
-A gülüm ( bibim bacı-qardaşlarının qız övladlarının hamısına "a gülüm" deyə xitab edirdi), sənin əynindəki o yufqanın ətəyinə bir qarış yələn vermək lazımdı.
Mən təəccüblə soruşdum:
-Yələn nədi, ay bibi?
- Yələn bilmirsən, nədi? Yələn daa...calaq.
-Calaq?!.. Niyə ki?
-Ona görə ki, yufqan gödəkdi, dizlərin görünür.
Mən bilmədim nə deyim və qeyri-ixtiyari əyilib yubkama baxdım. Məktəbdə bütün qızların, hətta cavan müəllimələrin də yubkalarının, donlarının ətəyi mənimki kimi bir az dizdən yuxarı olurdu. Əksinə, hərdən dizdən bir qarış aşağı geyinən bəzi qızlara "farmazon" deyirdilər. Bir az karıxmış halda çevrilib anama baxdım. Anam bizim üzümüzə bir tel düşməsinə belə razı olmazdı və həmişə saçımızı tamam geri darayıb hörər, ucuna lent bağlayardı. Alnımızda bir az saç görən kimi "şaşanlarıvı üzündən yığışdır" deyə söylənərdi. Təbii ki, bizim paltarlarımıza da nəzarət edərdi. Amma indi belə anlaşıldı ki, anamla müqayisədə bibim "hədd" məsələsində daha tələbkar, daha mühafizəkarmış.
Anam bibimə üz tutub hörmətlə və yumşaqcasına dedi:
- Ay bibisi, indi qoy dərnəyinə getsin, gecikməsin. Axşam gələndə paltarının ətəyini açaram. Uşaqdı, tez böyüyür, bu gün aldığın bir paltar bir aydan sonra əyninə balaca olur.
Bibim razılıqla başını tərpətdi...
Mən yol boyu bu yubka əhvalatını düşündüm. Bibimin ləhcə ilə dediyi “yələn” sözünü xatırlayıb gülümsədim. Əlbəttə ki, yələnin, yəni yelənin və yelən verməyin nə demək olduğunu da gecikmədən öyrəndim. Hətta sonradan bibimin "yələn vermək" ifadəsini müxtəlif situasiyalarda yerinə düşən sərrast, xoş bir yumor elementi kimi ışlətməyə başladıq.
Son zamanlar isə bu məşhur "yələn" sözü özünü daha tez-tez xatırladır mənə...
Davamı P.S.-da :
P.S. Bir neçə il olar, mühüm səbəblərdən paytaxta yolum düşməyib. Oradan gələnlər deyirlər ki, son zamanlar paytaxtdakı əhalinin (yaş limiti yoxdur) bir xeyli hissəsinin nəinki yubka və şortlarının, hətta koftalarının da ətəyinə, hələ üstəlik yaxasına da qarış-qarış yələn vermək lazımdır...
(Allah daha bədtərindən qorusun...)