SÜLEYMAN ABDULLA.DAN  İKİ  ŞEİR

Ədəbiyyat 10:34 / 25.02.2026 Baxış sayı: 525

GÜNAĞLAYAN ŞEİR

 

Adam olar ürəyi tox, gözü tox,

Qamaşdıqca göz gününü ağlayır.

İl demirəm, ay demirəm, az ya çox,

Hər gözüyaş öz gününü ağlayır.

 

Küsməyi var xəlvət adam pusmağın,

Haram tikə səbəbidir qusmağın.

Dili-ağzı quruyubdur susmağın,

Suya dönən söz gününü ağlayır.

 

Çoxdan itib gözəlliyin qəniri,

Cılız cana dərddi düşən ən iri.

Daha gəlmir ocaqların həniri,

Küldə sönən köz gününü ağlayır.

 

YANĞILI ŞEİR

Bacarırsan tüstü çıxan göyü sez,

Şölələnən köz yerini yandırar.

Adam var ki od-alovdu, gec ya tez,

Çınqı olsa öz yerini yandırar.

Şad günündə olası şən ürəkdir,

Dar günündə dostuna tən ürəkdir.

Dil susanda oda düşən ürəkdir,

Deyilməyən söz yerini yandırar.

Xiffət verir sirr saxlayan uzaqlar,

Haqq deyildir yol haxlayan uzaqlar.

Gözdağıdır biz ağlayan uzaqlar,

Yaxın olsa göz yerini yandırar.