Xanım İsmayılqızı - Qəribə yerə çatdım

Ədəbiyyat 13:43 / 25.02.2026 Baxış sayı: 518

Qəribə yerə çatdım,

Bir addım göyə atdım,

Sözə üzümü tutdum,

Söz ilə yaralandım.

 

Nəfəsimdi çəkilən,

Ürəyimdi sökülən,

Xəncər kimi dikilən

Göz ilə yaralandım.

 

Taleyimdi yazılan,

Hissim, ipdən asılan,

Yaram üstə basılan

Köz ilə yaralandım.

 

Bir ağrı var yüklənən,

Qəm ilə çiçəklənən,

Sarı simə köklənən,

Saz ilə yaralandım.

 

Allah, mən sənin kölən,

Dərdin üzünə gülən,

Üstümə qona bilən,

Toz ilə yaralandım.

2011.