Kamalə Abiyeva -  Cahangir Cahangirov adına 90 yaşlı Dövlət Xoru

Gündəm 11:59 / 25.02.2026 Baxış sayı: 1487

 

(Sevincim, təəccübüm və təəssüfüm)

 

“Sən alfasan, mən betta” kimi sözlərin mahnıya dönməsini necə bəyəndik? Mikrafonla vuruşan “Elə bu” bəsinizdiylə  nə vaxt razılaşdıq? “Beləmi cılızlaşırıq” düşündüyüm günlərin biri idi. C. Cahangirov adına xorun “Sən güldən də gözəlsən” adlı konsertinə dəvət aldım. İlahi, hamının “bəstəkar”, “şair” olduğu vaxtda, Xalq artisti Mehriban xanım Zəkinin aparıcılığının rəng qatdığı konsertdə onların ifalarını dinləmək xərçəngdən xilas olmaq kimiydi.

İlk dəfə 1926-cı ildə tələbə-gənclərdən ibarət xor  yaradılsa da, müəyyən çətinliklər, maneələr səbəbindən dağılır. Bu haqda tariximizin ən böyük şəxsiyyətlərindən olan Üzeyir bəy Hacıbəyli xatirələrində yazıb. Ancaq bu sənət fədaisi yenidən 1936-cı ildə Azərbaycan Dövlət Xorunu yarada bilir. Beləliklə, Azərbaycanda xor mədəniyyətinin əsasını qoyur. Üzeyir bəyin qeydlərindən görünür ki, Xor əsasən xüsusi ifaçılıq təcrübəsi olmayan, amma vokal istedadı olan gənclərdən təşkil olunur. 100 nəfərlik xor ilk gündən dördsəsli xor kimi fəaliyyətə başlayır. Üzeyir bəy  xor üçün milli repertüar hazırlayır,  kiçik xor əsərləri yazır.
Onun böyüklüyünü hələ də anlamayanların olduğunu bilmək çox ağırdır. Amma Üzeyir bəy ilk operasını səhnələşdirəndə də bunu bilirdi.  O, bütün fəaliyyətini anlamayanlara yox, xalqının gələcəyinə hesablamışdı. Əsil sənətin yaşayacağına hesablamışdı. Bu xor da yaşadı və yaşayır. Sənəti yaşadır. Sonralar xora rəhbərliyi istedadına inandığı, güvəndiyi Cahangir Cahangirova həvalə edir. Cahangirovdan sonra xora gözəl bəstəkar, xalq artisti Ramiz Mustafayev rəhbərlik edir.  

Xor ölməz Cahangir Cahangirovun adını daşıyır. 2023-cü ildən  xorun bədii rəhbəri və dirijoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır. Təranə xanım indiki BMA-nın Tarixi nəzəriyyə fakültəsində  xor dirijorluğu üzrə təhsil alıb.  Əsil sənətin yaşadığına əminlik üçün Təranə Yusifovanın üz ifadələrini, əllərinin hərəkətini izləmək məlhəm kimiydi. Bu necə ifalardı? Bu necə istedadlı gənclərdi. Bu qədər səliqəli, sadə, yaraşıqlı saç düzümündə, geyimdə səsin gözəlliyini, ifanın peşəkarlığını göstərmək olur demə. 

Üst geyiminin yarısını, bəzən hamısını unudub,  səhnəyə çıxanların hərəkətlərindən baş açmadığın, müsiqidən uzaq mahnılar oxuyanların canlı ifalarını dinləyəndə niyə belə geyinmələrini, səviyyəsiz “mahnılar” oxumalarını anlayırsan. Bunu anlamaq ağırdır. Xalq dediyin insanların belə ifaları bəyənməsi ağırdır. Özünü “sənət adamı” hesab edənlərin gündəmdə qalmaq, pul qazanmaq naminə xalqın mənəviyyatını kirləndirməsini görmək,  Tv-lərdə bəh-bəhlə təqdim olunmasına şahid olmaq çox ağırdır. Amma bir də Flora Kərimovanın,  Müslüm Maqomayevin səsini eşidirsən. Bu səslər, bu səs sahiblərinin səhnə mədəniyyəti, özünə, tamaşaçısına hörməti illərin arxasından işıq salır bu günümüzə gələcəyimizə -sənət tariximizə.  Elə işıq ki, heç vaxt sönməyəcək. Yüzlərlə belə mahnılar olsa da, bu səslərin işığında sönəcək, yox olacaq.

Azərbaycanı, onun musiqisini yaşadan sənət yaradanlar olacaq.  Azərbaycan Dövlət Xoru kimi. Xorun üzvlərinə heyrətlə baxırdım. Sevinclə baxırdım. Sənətin-musiqimizin yaşayacağna ümidlə, inamla baxırdım. Konsertdən sonra xorun bir-neçə üzvü ilə söhbətləşdim. “Niyə burda oxuyursuz? Maaş da azdı, həmişə də belə səliqəli, ciddi geyimdə olmalısız. “Niyə getmirsiz xordan?”- marağımı gizlədə bilmədim. Pərviz sualımın qeyri-ciddi olduğunu düşündü bəlkə, bilmirəm. Üzündə qəribə təbəssüm yarandı: Kimi oxuyur, kimi el şənliklərinə gedir, başqa işdə də çalışır. Burdan necə getmək olar? Axı bu sənətdir, peşəkarlıqdır, musiqidir. Əlavə gəlirin olmasa belə, sənəti sevən xordan gedə bilmir”.

Necə sevindim bir bilsəz. Sakitcə “bu həm də xalqı sevməkdi. Vətənə, xalqına sədaqətdi” dedim.

Amma təəssüf elədim ki, ən çətin dönəmlərdə 100 nəfər ifaçısı olan xorun indi 32 üzvü var. Ən azı isə 36 ifaçı olmalıdır. 32 nəfərin 20 nəfəri tam, 12 nəfəri yarımştatla işləyir.Yəni maaşları 300 manatdan bir qədər çoxdur. Onlar geyimlərini belə öz hesablarına almalı olurlar və bütün ağırlıq, əsasən, xorun bədii rəhbərinin üzərinə düşür. 2025-ci ildə prezident təqaüdünə təqdim olunması da ona da ona dəstəkdir. Təranə xanım deyir: “İşimizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İstəyirəm bu sənət yaşasın. Azərbaycan müsiqisi çox gözəldi. Çalışıram, çox arzulayıram ki, dünyaya çıxaq, bizim xor mədəniyyətini, musiqimizi dünya tanısın”. Nə möhtəşəm arzu uğruna yaşayır bu gözəl xanım!

 Ona görə də heç bir maddi çətinliyə, fiziki yorğunluğa baxmadan xor sənətinin sevilməsinə çalışır. Bir-birindən maraqlı konsert proqramları hazırlayır, geyimlərin hazırlanmasına dəstək olur. Müxtəlif bəstəkar mahnılarının çox hissəsini xor üçün özü işləyir. Düşündüm ki, görəsən MN-nin bu durumdan xəbəri varmı? Yəni 36 nəfərlik xorumuz niyə olmasın ki?  İnanıram ki, MN  bu məsələyə diqqət yetirəcək, mənəvi sərvətimizi qoruyanların, yaşadanların maddi durumlarına dəstək olacaq.

 Xorun konsert biletlərinin qiymətlərini yazmıram. Utanıram. Canım sıxılır. Bahalı konsertlər də olur. Heydər Əliyev adına sarayda və ya başqa səhnələrdə cansız ifaları, musiqiyə aidiyyatı olmayan mahnıları  ilə xalqına xəyanət edənlərin konsertlərinə biletlər dəfələrlə baha olur. Amma Vətənə, xalqa, sənətə xidmət, sevgi heç bir maddiyyatla ölçülmür. Bu sənin mənəvi sərvətindir. Onu özün qorumalısan.       

2024-cü ildə Gürcüstanda keçirilən klassik musiqi ifaçılarının V1 Beynəlxalq “Word Harmony” müsabiqə-festivalında birinci yerə layiq görülən Dövlət xorunun bu il 90 illiyidir.

Bu il  həm də C. Cahangirovun 105, Ramiz Mustafayevin 100 illiyidir. İnanıram ki, səlahiyyətli təşkilatlar, MN bu yubileylərin layiqincə qeyd edilməsi üçün tədbirlər təşkil edəcək.

Hələliksə, heç bir maddi dəstək olmadan onlar könsertlərini özləri hazırlayır. Bu ayda təşkil olunan “İki könül görüşəndə” konsertində olduğu kimi. Konsertə sevimlimiz, nitqi, savadı, səs tembri ilə seçilən Dilarə xanım Əliyeva aparıcılıq edirdi. “Sizi səyahətə aparacam. Bu səyahət nə qatarla, nə təyyarə ilə olacaq. Bu səfər musiqi ilə olacaq”-dedi. Bir də dedi ki, gün var gəlir keçir, gün var hekayəsi qalır. Doğru deyirdi. Bir-birindən maraqlı tamaşalarla müşahidə olunan mahnıları, Q. Xəyal, Q. Rəvan, Ə. Nəzakət, H. Aydan, S. Mədinə, N. Zeynəb, İ. Emin,              Ə. Məmmədismayıl, M. Mədinə, Ə. Hüseyn, M. Fidan, R. Ülkər,
S. Pərvin, İ. Elvin kimi istedadlı solistlərin ifaları bir hekayə yazdı tamaşaçıların həyatına. Və bir də söz ehtiyatı tükənməyən Dilarəmiz dedi ki, gün də, ay da, il də, cavanlıq da keçər, keçməz olan sevgimizdi. Nə gözəl olardı sənətə diqqətimiz, qayğımız keçməyəydi. Sənətə sevgimiz yaşayaydı! Və səlahiyyətli təşkilatlar da bu sevgini yaşadaydı.
Musiqi xəzinəmizə əvəzsiz incilər verən C. Cahangirovun 105,  Ramiz Mustafayevin 100. Azərbaycan Dövlət xorunun 90  illiyini layiqincə qeyd edəydik.

P. S. Ləzgi balası Xamza Abduraxmanov xorun ən gənc ifaçısıdır. BMA-nın tələbəsidir. İki ildir xorda oxuyur. Amma sənətə sevgisindən. Onu işə götürmək olmur-ştat yoxdur. Sevindim. Təəccüb və təəssüf etdim.

P.S. Sizinlə sevincimi, təəccüb və təəssüfümü bölüşdüm.