Adilə Nəzər- Çinar – müqəddəs ağac...
Çinar – müqəddəs ağac, köklü varlıq, xalq yaddaşı.
Bəzən yazdığım şeirləri yenidən oxuyanda farqlı yanaşıram - tam oxucu, tənqidçi nəzərilə. Bu şeiri 2 il əvvəl yazmışam, Fb xatırlatdı. Oxudum, gördüm burada:
Çinar – müqəddəs ağac, köklü varlıq və əsasən də xalqın yaddaşı;
Mənsur Həllac – “Ənəl-Həqq” deyib dara çəkilən eşq şəhidi;
İmadəddin Nəsimi – dərisi soyulan, amma sözündən dönməyən şair, məkan tanımayan ruh - “Laməkan şair”;
Mən isə – qələmlə şimşək çəkən biri. Bu “yazılmış” yox, "yanmış" mətndə davamlı “Huuu…” deyib, zikr edən şair.
Əlbəttə ki, şeir mistik-simvolik şeirdir və sufi metaforikasına söykənir.
Təkrar olsa da bir də paylaşıram.
***
bir çinar vardı,
qol-qanad açıb nura doğru uçardı..
gün gəldi, bir baxdı ki,
kökündən baltalanır...
qıvrıldı çinar,
qovruldu çinar,
yandı çinar...
yandı, Huuu...
odun oldu,
Eşq namazı üçün
öz qanıyla dəstəmaz alan
Mənsurla görüşdürdülər...
quru budaqlarını bəhər kimi dərdilər...
"İnsan Birin daxilində,
Bir insanın içindədir." - dedikdə
ağ yuyub, qara sərdilər...
diri-diri doğradılar, "yedilər"...
"kafiri yax!" dedilər...
odlandı çinar,
yandı, Mənsur..
yandı, Huuu...
bir qığılcım sıçradı,
od aldı kirpiklərim..
yarasalar dəlləndi,
od püskürdü,
Ayın nuru əngəlləndi,
atıldı ortaya bir laməkan şair,
bəzən o, ələm oldu,
(yarasalara)
bəzən də ələm Nəsimi...
sərpa soydular şairi,
soydular şeytanlar, cinlər...
alovlandı göyərçinlər...
yandı göyərçinlər...
yandı, Huuu...
Mən əlimdə qələm
o vaxtdan bu vaxta
şimşək şəkli çəkirəm...
Eşq deyib ağrıyıram,
Eşq deyib ağlayıram...
Gül dediksə kül oluram...
hamı yanıb qurtarır,
bir mən qurtarmıram...
yandı çinar, yandı Mənsur, Nəsimi,
yandı əlim, yandı dilim...
Yandı, Huuu...
25.02.2024