Sabir Rüstəmxanlı -  Hər üzdə bir işıq yansa

 

Ədəbiyyat 11:42 / 25.02.2026 Baxış sayı: 529

Hər üzdə bir işıq yansa

Səhər-səhər yolunuza ilk çıxana,

Əlinizi ilk sıxana

gülümsəyin!

Həyətdəki göy otlara,

Başınızın üstündəki

tutqun-açıq buludlara

gülümsəyin!

Sizə kölgə salmaq üçün

sıralanmış ağaclara,

Cibinizi söküb-yeyən

əyrigözlü sayqaclara

gülümsəyin!

Qanınızı qaraltmayın qəpik üçün.

Satıcının beş quruşluq ərki üçün.

Ziyafətdən ayılmamış,

Evindəki qiyamətdən ayrılmamış

sifətlərə,

Dünyanın söz bazarında

dəyişilən qiymətlərə,

Metroların qabağında

dil çıxaran ağ əllərə,

Keçib getmiş yuxuların arxasından

meyxoş baxan gözəllərə,

Qəzetlərin yalan-doğru xəbərinə,

Qulaqların dözümünə, təpərinə

gülümsəyin!

İdarələr arasında yolunuza çıxan əngəl

fəlakətə çevrilməsin!

Beş-üç nəfər pis görəndə

yaxşılığın uca taxtı devrilməsin!

Onsuz da ki

pis yenə də pis qalandı.

Yaxşı toxum

kösövlərin altından da ucalandı!

Onsuz da ki

satqın yenə həmin satqıın,

alçaq yenə həmin alçaq,-

Siz dünyadan küsən zaman

rüşvətxorun cibi ta da tez dolacaq.

Üstümüzdə qəm bayrağı yellənəcək,

Düz lal olub susan yerdə

əyriliklər dillənəcək…

Onsuz da ki ömür qısa,

Pisliyə də qapı açsaq,

Xainə də qulaq assaq

könlümüzü dinləməyə macal yetməz.

Zirehlənmiş səsimizi el eşitməz…

Xoş söz de ki,

qış niyyətli ürəklərdə ərisin qar,

Hər üzdə bir işıq yansa

Yer kürəsi günəş olar!

1983