Namiq Dəlidağlı- MƏNZƏRƏ...

Ədəbiyyat 21:38 / 12.01.2026 Baxış sayı: 359

 

Tin-tin, küçə-küçə qocalır bu kənd,

üstündən, başından yetimlik yağır,

damından-daşından yetimlik yağır.

Küçələrin gözü yol çəkir,

bu kəndin itləri yad nəfəs gəzir

hürməyə...

Gedəni-gələni yoxdu bu kəndin.

Burda qulaq batır sükut səsindən.

Qonşu uşağın ərköyünlüyündən

beli əyilən ağac çəpər,

indi olsa qulağına səs təpər.

Hörümçəklər tor bağlayıb

qapıların kilid yerində.

Sükutdan rəngi solub,

boyası saralıb pəncərələrin.

Qulağı bir addım səsinə təşnə.

Çox qoca görünür bu kənd yaşından,

bu kəndin "cavanı" yetmiş yaşında,

bu kəndin qocası yaşını bilmir,

itirib ağlını, huşunu, bilmir.

Burda arzuları dəfn eləyirlər,

başdaşı qoyurlar xatirələrdən.

Burda ölüm dəbdə, əcəl sevilən.

Bir-birə başsağlığı verməzlər burda.

Qəbristanlıq böyüdükcə, kənd kiçilir.

Bir gün bu kəndin girəcəyində

bir lövhə asılacaq:

burda insan yaşamır.

Burda sonuncu ölünü

Tanrı götürəcək yerdən.