Salida Şərifova ,filologiya Elmlər doktoru, prof.- Kamalə Abiyevanın poetikasının bədii dil özəllikləri ( 3-cü yazı)
Kamalə Abıyevanın bədii yaradıcılığından bəhs edərkən poetik nümunələrinin bədii dilinə toxunmamaq qeyri-mümkündür. Şairin bədii əsərlərinin dil özəllikləri, istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə vasitələri özünəməxsus xüsusiyyətlərə malik olması ilə diqqəti cəlb edir. Bu zaman obrazlılıq, emosionallıq, ekspessivlilik, şeirilik və s. kimi xüsusiyyətlər və fərqliliklər özünü göstərir. Obrazlılıq zamanı Kamalə Abiyevanın şeirlərində istifadə etdiyi söz və ifadələr daha çox məcazi məna daşıyır, metafor, metonimiya, təkrir, bədii təzad, bədii sual, xitab, arxaik sözlər və s. vasitəsilə canlı və təsirli ifadə edilir. Şeirlərinin bədii dilində fikri və hissləri ən təsirli şəkildə ifadə etmək üçün müxtəlif üslubi vasitələrdən istifadə edən şair səs uyğunluğu, alliterasiya, assonans yaratmaq üçün fonetik xüsusiyyətlərdən, arxaik, dialekt sözlərdən, terminlərdən və s. istifadə edərək leksik xüsusiyyətlərdən sənətkarlıqla yararlanır.
Kamalə Abıyevanın poetik nümunələrində xüsusi intonasiya və fasilə ilə ayrılan, ismin adlıq halında işlənən xitaba müraciəti maraq kəsb edir. Məsələn, şairin “Vətənim” adlı şeirində xitaba müraciət diqqətdən yayınmır.
Eşqin ilə alışım,
torpağına qarışım,
hər daşı, hər qarışı
bol sərvətsən, Vətənim.
Müəllif bu poetik nümunəsində “Vətənim” deyə xitabdan istifadə edir. Bəllidir ki, xitab əsasən isim və ismi birləşmələrlə ifadə olunur, ismin adlıq halında olur. Şeiri oxuduqca, məhz Vətənim sözünün xüsusi intonasiya ilə deyilməsini, cümlə üzvlərindən kiçik fasilə ilə ayrılmasını da müşahidə edirik. “Vətənim” şeirində şair xitabı cümlənin sonunda işlədir. Kamalə Abıyeva “Bu sevgidir” adlı şeirində isə “əzizim” deyə xitaba müraciət edir:
Haray salıb sevincdən
İndi sənli günlərim.
Necə deməyim ki, mən,
Bu sevgidir, əzizim.
Şairin istifadə etdiyi xitabın cümlə ilə məna əlaqəsi olsa da, sintaktik əlaqə olmamasının, nitqin qüvvətləndirilməsi üçün işlənilməsinin şahidi oluruq.
Kamalə Abıyevanın arxaik sözlərə müraciət etməsi ilə də üzləşirik. Məsələn, şairin türk dillərində “ər” (igid, qəhrəman) sözündən yaranmış “Ərən” sözünü “igid”, “cəsur insan”, “mənəviyyat sahibi” mənalarında işlətməsini “Qarabağım” adlı şeirində müşahidə edirik:
Ərənlərim...
Sizdən sonra yağış yağır...
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da...
Ana, ata, bala,
sevgili səsi var yağışda .
Bəllidir ki, türk xalqlarının inanclarında ərənlər, həm döyüşçü, həm də mənəvi dərinliyi olan şəxslər kimi qəbul edilmişdir. “Ərən” sözünün “dünyagörmüş”, “müdrik”, “ağıllı” adam mənasında da işlədilməsi ilə üzləşirik. Kamalə Abıyevanın bu poetik nümunəsində işlədilən “Ərənlərim” ifadəsi hər məqamda yerini tutur. Poetik nümunənin məğzinə vardıqda isə əsasən, döyüşçü kimi təqdim edilməsinin şahidi oluruq.
Bədii ifadə vasitəsi kimi istifadə etdiyi ritorik suallardan məharətlə istifadə Kamalə Abıyevanın bədii yaradıcılığına xasdır. Şairin “Unut” adlı şeirində bədii suallardan istifadə edilməsi diqqətdən yayınmır:
O gözlərdən həyatına boylandınmı?
O saçlarda dolandınmı?
Sən kədəri heç gördünmü?
Bu bənddə ünvanlanan “həyatına boylandınmı?”, “saçlarda dolandımı?”, “kədəri heç gördünmü?” və s. sualları cavablandırmaq əvəzinə sadəcə “bütün dərdlərini unut” deyə təsəlli verir. Poetik nümunədən bir hissəyə fikir verək:
Böynubükük bir tanın
Gözlərində cığır salan,
Bir ananın saçlarında dən-dən olan
Dərd gördünmü? [3, s. 39].
Bədii suallardan poetik nümunənin emosional təsirini artırmaq məqsədilə fikirlərini sual tərzində çatdırmaq istəyən şair bunu digər şeirlərində də əks etdirir. Məsələn, “Axı” adlı şeirində şair ünvanladığı suallara cavab almaq məqsədi güdmür, hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi daşımır:
Biz eyni əzabla oyandıq axı...
Bircə ayrılığın əsiri olduq.
Bütün əzablarla barışdıq axı,
Niyə xoşbəxtlikdən küsülü qaldıq? [2, s. 39].
Kamalə Abıyeva sevən insanların ayrılıq səbəbinin ağırlığını, faciəsini canlandıra bilsə də, cavablandıra bilmədiyi ritorik suala müraciət etməklə fikrini daha emosional şəkildə ifadə etməyə cəhd edir.
Kamalə Abıyevanın şeirlərində məzmunca bir-birinə zidd iki anlayış və vəziyyəti qarşılaşdırlması ilə də üzləşmək mümkündür. Bakıya həsr etdiyi “Bakıma” adlı şeirində şair Bakını bədii təzadla təqdim edir. Şairin antiteza, yəni əks mənalı sözlərin qarşılaşdırılması ilə təqdim etdiyi bədii təzada nəzər salaq:
Köhnə Bakım, təzə Bakım
tarixindən qoparılan,
sökülən daşların kimi
başıma yağan kədərim .
Bu bənddə köhnə və təzə sözləri əksmənalı anlayışların, yəni antonimlərin qarşılaşdırılmasıdır.
Kamalə Abıyeva “Son sevgimsən” adlı şeirində də bədii təzaddan istifadə edir:
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan
- ana Vətən.
Bu misrada şair bir-birinə zidd iki vəziyyəti təqdim etməklə kontrast yaradır. Bu kontrast “uğruna öləcəyim”, “uğruna yaşadığım” sözlərlə zidd iki vəziyyət kimi hərəkətlər qarşılaşdırılır.
“İnanmadım” şeirində də dünyasını itirmiş ananın yoxluğunu çatdırmaq üçün şair bədii təzada müraciət edir:
nağıllarda gedər-gəlməz yollar vardı
Amma o nağıllarda gedənlər qayıdardı .
Şair bir sətirdə gedər-gəlməz kimi bədii təzada müraciət edərək fikirlərini sənətkarlıqla ifadə edir.
Kamalə Abıyevanın şeirlərində təkrirlərdən istifadə məqamı da diqqətdən yayınmır. Belə ki, eyni sözün və ya söz qrupunun bilərəkdən təkrar edən şair təkririn əsasən iki növünü, yəni anafora və epiforadan istifadə edir. Bədii əsərin təsir gücünü artırmaq məqsədi ilə sözləri təkrar edən şair bunu həm ayrı-ayrı poetik nümunələrinin tərkibində, həm də eyni poetik nümunənin içərisində təkririn anafora və epifora kimi növlərindən istifadə edir. Məsələn, şairin “Doya bilsəydim” adlı şeirində Kamalə Abıyeva həm anaforaya, həm də epiforaya müraciət edir:
Eşqində yuyuna-yuyuna,
Köksümdə döyünə-döyünə,
çöl-çəmənini görə-görə,
gül-çiçəyini dərə-dərə həsrətəm,
Bu bənddə yuyuna, döyünə, görə, dərə sözləri misraların sonunda işləndiyindən epifora hesab edilir.
Həsrətim bircə damcı azalardı,
həsrətim bircə damcı az olardı,
“Həsrətim bircə damcı” ifadəsi ilə başlanan misradakı bu ifadə isə təkririn anafora növünə aiddir.
Kamalə Abıyevanın şeirlərində predmetin müəyyən əlamətinin başqa bir predmetinin üzərinə köçürülməsinin tez-tez şahidi oluruq. Şairin istifadə etdiyi istiarəni “Görəsən” şeirində işlənilməsi məqamına diqqət yetirək:
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə [9].
Kamalə Abıyeva “göylər ağlasa, ürəyi boşalacaq” misrasında ağlamağı insana xas olan əlamət kimi buluda, təbiət hadisəsinin üzərinə köçürür. İnsanın ağlamaq kimi əlaməti buludun üzərinə köçürülsə də, amma insanın adı çəkilmir. Şairə bənzədilən, yəni insan sözündən istifadə etmir, çünki göylər yox, insan, hər hansı bir canlı ağlaya bilər.
Kamalə Abıyevanın poetik nümunələrində predmeti bildirən söz əvəzinə, onunla əlaqədar başqa söz işlətməsi maraqlı alınır. Şairin metonimiyaya tez-tez müraciət etməsi ilə üzləşmək mümkündür və metonimiyanın işlənilməsi sənətkarlıqla həyata keçirilir:
Torpağını geyinərəm əynimə,
Kür, Arazı axıdaram könlümə.
Xəzərimi məlhəm edib gələrəm,
Ey Vətənim, dəyən olsa könlünə
Burada Kür, Araz, Xəzər metonimiya kimi işlənilir.
Şair yalnız Vətəni, Bakını, Vətən müharibəsinin zəfərini, ananı şeirlərinin problematikasında qabartmır, onları obraz səviyyəsinə də qaldırır. Kamalə Abiyevanın bədii yaradıcılığında şəhid, şəhid anası, müəllif məni kimi obrazların kamil şəkildə təqdimi ilə də üzləşirik. Şairin poetik nümunələrinin bədii dil özəllikləri, xüsusilə də istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə vasitələri kamilliyi və dolğunluğu ilə şeirlərində əksini tapır.
Şairin bədii əsərlərinin dil özəllikləri, istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə vasitələri özünəməxsus xüsusiyyətlərə malik olması ilə diqqəti cəlb edir. Bu zaman obrazlılıq, emosionallıq, ekspessivlilik, şeirilik və s. kimi xüsusiyyətlər və fərqliliklər özünü göstərir.