SALAM OLSUN yazdı - Nazim Əhmədli

Ədəbiyyat 22:12 / 11.01.2026 Baxış sayı: 514

 

Bu yazın çiçək üzünə,

gül üzünə salam olsun;

dünyanın iç üzün gördük,

çöl üzünə salam olsun;

 

kim inciyib küsən imiş,

ürəyində dərd üşənmiş;

bu dünyanın yanıb sönmüş,

kül üzünə salam olsun;

 

o yanına, bərisinə,

dünya sığmır dərisinə;

ölü kimi dirisinə,

ölüsünə salam olsun;

 

göy üzü baxır üzümə,

buludlar yağır üzümə;

dünyanın cığır üzünə,

yol üzünə salam olsun;

 

kim deyirsə, yalan deyir,

ölən ölüb, qalan deyir;

ağıllısı salam deyir,

dəlisinə salam olsun;

 

gül oldum Vətən üzünə,

köynəyim kətan üzünə;

torpağın kotan üzünə,

vəl üzünə salam olsun;

qazilərin əsasına,

şəhidlərin qisasına;

Məhəmməd və Musasına,

Əlisinə salam olsun;

yuxumu yozum, özümə,

günahı yazın üzümə;

dünyanın qızıl üzünə,

ləl üzünə salam olsun;

eh, nə çoxdu, bəxtsiz qalan,

taxtdan düşüb taxtsız qalan;

bu dünyanın haqsız qalan,

qul üzünə salam olsun.