Gülnar Ümid - Göz yaşımla söndürmüşdüm ocağı.
Köz gəzirdim keçmişi yandırmağa,
Göz yaşımla söndürmüşdüm ocağı.
Üşüyürdüm, aldı məni qoynuna,
Bu nə sirrdi, nə istidir qucağı?
Görünürdüm gözünün aynasında,
Bir nəfəsə bürünmüşdü gülüşü.
O nə idi, nə hiss idi İlahi?!
Titrəyirdi dodağımda öpüşü.
Darıxmağın kəbinini pozmuşdu,
Çələng olan barmaqları saçımda.
Kəlmələrim utanırdı dinməyə,
Susub ona qollarımı açanda.
Qol qaldırıb oynayırdı hisslərim,
Sevinc sevinirdi, kədər küsmüşdü.
"Biz" adlı sevginin payına o gün,
"Sən" adı düşmüşdü, bir "mən" düşmüşdüm.