Sərvanə DAĞTUMAS, Ədəbiyyatşünas : - Mədəni kodların dekonstruksiyası: Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində postfolklor və folklorun emosional qatları

YAZARLAR 10:59 / 12.01.2026 Baxış sayı: 192

 

Məqalədə müasir ədəbiyyatımızın gənc nümayəndəsi hesab olunan şair Elvin Bakiroğlunun  “Novruz sayıqlamaları” şeiri çağdaş poeziyamızda fərdi şüurun milli bayram motivləri ilə toqquşması kontekstində təhlil edilir, Novruz bayramı ritualları ənənəvi simvollardan dekonstruktiv şəkildə ayrılır, fərdi, psixoloji və fəlsəfi təcrübənin daşıyıcısına çevrilir. “Novruz sayıqlamaları” şeirində Novruz bayramı yalnız bir təqvim bayramı deyil, eyni zamanda iztirabların, xatirələrin və hisslərin “bayramıdır”. Bugünə qədər gənc şairin yaradıcılığı akademik səviyyədə tədqiq olunmadığı üçün tədqiqata ciddi ehtiyac var. Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində “sayıqlama” anlayışı lirik qəhrəmanın daxili dünyasının xaotik və qeyri-sabit ruhani vəziyyətini ifadə edən əsas konseptual açardır. Bayramın yaratdığı atmosferlə lirik qəhrəmanın psixoloji durumu kontrastdır. Bayram ritualları daxili tənhalığın, fərdi itkilərin simvolu, ağrıların və əzabların fəslidir. “Sayıqlama” ifadəsi şeirdə çoxqatlı simvol kimi çıxış edir, həm psixoloji vəziyyət, həm də poetik dilin quruluşudur. Bu şeir çağdaş poeziyamız üçün yenilikdir. Müasir ədəbiyyatımızda folklor yeni şərtlər daxilində formalaşır və bu ədəbi proses postfolklor adlanır. Belə ki folklor ənənəvi kontekstdən uzaqlaşaraq, yenidən qurulur, fərdiləşdirilir. Nəticədə folklorşünaslıq elminə başqa pəncərə açılır. “Novruz sayıqlamaları” şeirində klassik motivlər dekonstruksiyaya uğrayır. Burada subyektiv təcrübə ön plandadır, insan varlığının dialektikası araşdırılır, təsəvvürümüzdəki Novruz bayramı motivi “dağılır”, bayram anlayışı iztirab, tənhalıq, nakam sevgi və daxili boşluqla assosiasiya olunur, lirik qəhrəmanın hissləri, sarsıntıları təsirli dillə ifadə olunur. Şeirdə folklor elementləri olduğu kimi təkrarlanmır, subyektiv psixoloji təcrübəyə uyğunlaşdırılır, kollektiv yaddaşdan fərdi yaddaşa doğru transformasiya edilir, kollektiv yaddaşa duyğusal kodlar yüklənir. Folklor arxaik yaddaş olmaqla bərabər şəxsi itkinin və mətnin semantik qatlarının formalaşmasında canlı və yaradıcı mənbə rolunu oynayır. (folklorun poetik transformasiyası)  Məqalədə əsas diqqət Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində mədəni kodların və bayram rituallarının dekonstruksiyası, postfolklor və folklorun emosional qatlarının tədqiqinə yönəlib.

 

Müasir poeziyamızın görkəmli nümayəndələrindən biri olan şair Elvin Bakiroğlunun poetik dünyası dərin fəlsəfi düşüncələrlə, fərqli duyğuların dinamikası və emosional qatlarla zəngindir. Şairin yaradıcılığı çoxşaxəli düşüncə modelləri və tematik rəngarəngliyi ilə seçilir. O, “Bizim keçmişimiz əl-ələ gəzir”, “İnsan da Vətəndi, demişdim axı”, “Elə sındım, bircə dənə Şüşəm tapılmadı, anam”,  “Gəlib ömrümüzü yeyən adamlar”,  “Sevginamə”,  “Sevginin bir üzü qaradı həmişə”,  “Domino”, (“Oyun daşı kimiyik”)  “Dənizə daş atmayın, Dalğalar yaralanar”,  “Şükür birinci sözə, Şükür şükrün özünə”,  “Sənin üçün tapmışam Ürəyimdə iş yeri”,  “Novruz sayıqlamaları” və s. hisslərlə aşıb daşan şeirlərin müəllifidir. Xatirələri, yaşanmışlıqları yada salmaq, daxili boşluq və tənhalıq hissləri  onun yaradıcılığının əsas xəttini təşkil edir.

Müasir ədəbiyyatımızda bir çox arxetiplərə fərdi, intim, duyğusal və travmatik kodlar yüklənir. Ənənəvi anlamda dirçəliş, təbiətin oyanışı və ruhsal təmizlənmə ilə assosiasiya olunan Novruz bayramı motivləri çağdaş ədəbiyyatımızda fərqli prizmada təqdim olunur. Şair Elvin Bakiroğlu “Novruz sayıqlamaları” şeirində Novruz bayramını fərdi itki, iztirab, ekzistensial boşluq, tənhalıq və ayrılıq kontekstində təqdim edir, bayram anlayışını dekonstruksiyaya uğradır, fərdi yaddaşın poetikasını formalaşdırır və ədəbiyyatda yeni mərhələ yaradır. (postfolklor)

Mədəniyyətimizin əsas fiquru hesab etdiyimiz Novruz bayramı təqvim hadisəsi olmaqla yanaşı, kollektiv yaddaşın, özünüdərkin və mənəvi kimliyin bir hissəsidir. Sovet dövründə Novruz bayramının keçirilməsi ilə bağlı qoyulan qadağalara baxmayaraq, ədəbiyyatşünas, mərkəzi komitənin katibi rəhmətlik Şıxəli Qurbanovun 1960-cı illərdə başlayan mübarizəsi, çoxsaylı cəhdləri və böyük zəhməti nəticəsində maneələr aradan qaldırılır, milli bayramımız “bəraət” alır. “Mərkəzi Komitənin 1-ci katibi Vəli Axundov da Şıxəli Qurbanovu təhlükəli iş gördüyü barədə xəbərdarlıq etdi, amma o, geri çəkilmədi”. [7].

Bugün milli kimliyimiz olan Novruz bayramını xalqımız yaşadır, adət-ənənələrimizi unutmur. Novruz bayramı yalnız bayram deyil, eyni zamanda xalqımızın toplumsal yaddaşının formulu, yenilənmə və sosial birlik bayramıdır. Milli, fəsil və təqvim bayramı kimi təsnif olunan Novruz bayramı struktur etibarilə arxaik ritual hesab edilir. 

Şair Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində Novruz bayramı yarımçıq qalmış sevgi, sağalmayan yara, tənhalıq və milli dəyərlərə şəxsi hisslərin yüklənməsinin simvoludur. Şeir daxili monoloq üzərində qurulub. Şeirin iki qəhrəmanı var: qəhrəmanın daxili “mən”i və onun gözlədiyi insan. Lirik qəhrəman gözünü yolda qayan şəxslə “həmsöhbət olur”, hisslərini öz içində basdırmır, əksinə ifadə edir, nə hisslər keçirdiyini dilə gətirir, ancaq biz qarşı tərəfin səsini eşitmirik. O, kədərlidir, dinləyicisindən cavab gözləmir, özü danışır, keçirdiyi hissləri ürəyində, ruhunda yük olaraq, gəzdirmir, paylaşır, dərdləşir. Şərt deyil ki, qarşı tərəf ona reaksiya versin, onun sadəcə dinlənilməyə ehtiyacı var. Hamı bayram abu-havasındadır, xoşbəxtdir, ondan başqa. (psixoloji dissonans) Qəhrəmanımız xoşbəxt deyil, sevinmir, əksinə keçmişdən, ayrılıqdan danışır, onda çatışmayan, yarımçıq qalmış və tamamlanmağa ehtiyac duyduğu nəsə var. Sanki ruhunda bir yara var, o yara sağlamır, üstü açıq qalıb, həmişə göynəyir, ən çox da o yaraya basanda. Ruhundakı o yara artıq “infeksiya qapıb”, “iltihablaşıb”, qəhrəmanımız “psixoloji infeksiya”ya “yoluxub”. Onun üçün Novruz yenilənmə deyil, köhnəlmiş hisslərin (bəlkə də həmişə təzə) xatırlanması və keçmişdən gətirdiyi yüklərin toplusudur. Onun ətrafındakı insanlar bayram sevincini yaşadıqları halda, o, daxili tənhalığı və iztirabları ilə baş-başadır. Qəhrəman sanki “ekzistensial sancı” çəkir, eləcə də cəmiyyətdən özünü “ekzistensial təcrid” edir.

Novruz bayramı insanın ruhunu yenilədiyi halda, lirik qəhrəmanın ruhu “köhnəlib”, “iltihablaşmış” ruhsal yarası sağalmır. O, əsl sevgini, sevinci təqvimlə deyil, sevgi ilə ölçür, yəni sevgi dolu keçən hər günümüz bayramdır, insanın xoşbəxt olduğu gün elə bayram günüdür. Əsl bayram ildə bir dəfə qeyd olunmur, sevdiyin, yanında özünü xoşbəxt hiss etdiyin şəxslə keçirdiyin və dəyər gördüyün hər gün elə bayramdır. Şeirdə bayram zamanın sərhədlərini aşır, bu ənənənin yaratdığı təəssüratlar dekonstruksiyaya məruz qalaraq, fərdi eksperimentə əsaslanan yeni bir bayram- tənhalığın ayini, “daxili təqvim” anlayışı yaranır. Lirik qəhrəman da bu səbəbdən Novruz bayramını yenilənmə və ümid simvolu kimi görmür, əksinə, öz itkilərini, daxili qaranlığını yaşayır, onun üçün Novruz bayramı yalnız təqvimə görə “bayram”dır. Bayram ritualları əsl mahiyyətini itirir və fərdi tənhalıq təcrübəsinə çevrilir. Lirik qəhrəmanın şüuru sabit deyil, “sayıqlayır”, yaşadığı acı təcrübələr və yarımçıq qalmış hissləri onun nəzərində bayram anlayışını deformasiyaya uğradır. Bəs onun “daxili təqvim”i hansı fəsildədir? O hisslərini kiminlə paylaşır, kimi gözləyir, kimə səslənir? Onu kim intizarda qoyub? Sevgili? Özü? İtirdiyi uşaqlığı?

Novruz bayramı şeirdə sağalmayan yara, travma və daxili boşluğun rəmzidir. Bahar təbiəti çiçəkləndirir, ancaq qəhrəmanın yarasını qanadır. Kəpənək azadlığın və müvəqqəti həyatın rəmzidir. Qaranquş isə müjdəçi deyil, əksinə sükuta qərq olub, yaz fəslinə qarşı laqeyddir. Şeirdə yazın “müştəri” kimi təqdim olunması ironikdir:

 

Bu bayram keçdi sənsiz,

Keçdi bu bayram belə.

Novruz bahar gətirdi,

Gül açdı yaram belə.

Axışdı kəpənəklər

Yaza müştəri kimi.

Göyərdi səmənilər

Yaramın yeri kimi.

Səndən xəbər də yoxdu,

Gətirməyib qaranquş.

Sənsiz qaranquşun da

Yazdan xəbəri yoxmuş. 

 

 

 

Novruz bayramına məxsus adət-ənənələr şeirdə fəlsəfi, psixoloji və subyektiv müstəvidə yenidən qurulur, mədəni kodlar, folklor elementləri dekonstruksiyaya uğrayır, bayram ritualları poetik məkanda ilkin funksiyasından uzaqlaşır, daha çox fərdi təcrübəyə əsaslanır və yenidən məna qazanır. (Jak Derridanın “dekonstruksiya nəzəriyyəsi”) Bayram harmoniyası balanslı deyil, sevincin yerini kədər tutur, bayramın olması xoşbəxt olmaq üçün yetərli deyil, çünki lirik qəhrəman daxilən xoşbəxt deyil. Onun üçün zaman irəliləmir, dəyişən tək şey təqvimdir, rəqəmlərdir, hissləri isə donub, “daxili təqvim”i geridə qalıb. Novruz bayramının rəmzləri ənənəvi kontekstdən çıxarılır, metaforik mənalara çevrilir və fərdin daxili aləmini, ruhi vəziyyətini ifadə edir, milli motivlər, rituallar, adət-ənənələr yenidən kodlaşdırılır. (kulturoloji dekonstruksiya)

“Novruz sayıqlamaları” şeiri çoxqatlıdır, hisslər xaotikdir, bayram ritualları və folklor elementləri yenidən fərqli formada təqdim olunur. Novruz bayramı itki və tənhalıqla paralel şəkildə təqdim olunur. Şeirdə bəhs olunan Novruz bayramı rituallarından biri səmənidir. Səməni yeni həyatın, yaradılışın rəmzi, xoşbəxt taleyin ifadəsidir. Səməni bir növ qadını, reproduktivliyi, su isə kişini, dölləndirməni, nəsil vermə qabiliyyətini simvolizə edir və son çərşənbədə cücərdilir. “Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu”. [5, s.77].

Səməni eyni zamanda ağac kultu ilə bağlıdır, məhsuldarlığı, təbiəti və bərəkəti bitki kontekstində (yaşıllıq) ifadə edir. Şeirdə isə səməni iztirabın, acıların psixosimvolik ifadəsi, əbədi yara və sağalmayan keçmişin izləridir. Burada səməni bioloji yenilənmə deyil, əksinə psixoloji əzabların təkrarıdır. (“Göyərdi səmənilər Yaramın yeri kimi”)

Bayramın əsas rituallarından biri də tonqaldır. Çərşənbə tonqalları köhnə ili yola salma, təmizlənmə, fiziki (“ağırlığım”) və mənəvi ağırlığın (“uğurluğum”) “odda qalanması”, Novruz bayramı tonqalı isə təzələnmə, yeni ili qarşılama funksiyasını daşıyır və bu tonqalın üzərindən tullanmaq olmaz. Tonqal bir növ ruhani əcdadların kosmik aləmə keçidinin arxaik ifadəsidir. “Tonqalın odu həm də şər qüvvələri, şər ruhları - qara divi, şəri, pis nəzəri evdən-ailədən uzaqlaşdırır”. [5, s.119].

 “Novruz sayıqlamaları” şeirində bayram sevincinin arxasında gizlənən əzab “tonqal”la şifrələnir. Tonqal ruhani təmizlənmə, qurbanvermə deyil, əzab və bitməyən həsrətin simvoludur. Tonqal ritualının icrası zamanı ritual qəhrəmanı öz “mən”ini Tanq Tenqriyə qurban verir, bununla da bütövləşir və nəticədə müqəddəsləşir, od mərasimindən keçərək, yetkin fərd kimi formalaşır, şəxsiyyətə çevrilir. Tonqal lirik qəhrəmanın daxilini alovlandıran və sönməyən ağrıların metaforası, (sayıqlamanın poetikası) onun daxili dünyası, depressiv durumu və mənəvi əzablarının ifadəsidir. (ritualın psixososial semiotikası) Tədqiqat zamanı aydın olur ki, bayramın milli ritualı (tonqal) psixoloji simptom səviyyəsinə endirilir.

Kosa ilə keçəl bayramın rəmzlərindən biridir. Kosa qışla yazın birgə rəmzidir, yazı yaradan qışdır, üzü tüksüzdür, inisiasiya ritualından keçərək, (“ölüb-dirilərək”) sakrallaşır, xaosdan kosmosa keçidi ifadə edir. Keçəlin isə başı tüksüzdür, o, qışı təmsil edir, mediatordur, kosaya yol göstərəndir, yəni onun səmavi dünyaya keçidində, spiritual səyahətində vasitəçidir. “Maskalarda qoyun, keçi və ya quzu dərisindən istifadə olunur. Bu da ritualın şamanist və ya totemist mənşəyi haqqında düşünməyə ipucu verir”. [4, s.35].

Kosa və keçəl şeirdə ironik olaraq, təsvir olunub: həyat lirik qəhrəmanı kosa ilə keçəlin ixtiyarına buraxıb, yəni qəhrəmanımız öz taleyi üzərində kontrolunu itirib, onların “əlində qalıb”. 

Novruz adətinə görə, bayram süfrəsinə yeddi növ nemət qoyulur. Yeddi rəqəmi numerologiyada müqəddəs və sakral rəqəm hesab olunur, kainatın birliyini simvollaşdırır. Bayram süfrəsindəki həmin nemətlər yaradılış ideyasını əks etdirir, həmçinin nemətlərin sayı da ritualın mahiyyətinə işarədir. “Yumurta həyat, doğuluş rəmzidir. İndiki halda xəbərin, taleyin doğuluşunu sımvollaşdırır”. [5, s.161].

 “Səkkizinci nemət” ifadəsi şeirdə metaforik çatışmazlıq duyğusu yaradır və fərdi iztirab kollektiv ənənənin tamamlanmasını əngəlləyir. (sayıqlamanın poetikası) Burada lirik qəhrəmanın süfrəsində çatışmayan “səkkizinci nemət” harmoniya və kamilliyin rəmzidir. O, “səkkizinci neməti”-qarşı tərəfi (fikrimizcə, özünü) gözləyir. Bu ritual da semantik transformasiyaya uğrayır. Qəhrəman tamamlanmaq ehtiyacı duyur və onu tamamlayan birini (?) gözləyir:

 

Bir tonqal qalamısan

İçimdə, gəl görəsən.

Bəlkə özün tullanıb

Xeyir-dua verəsən.

Qalmışam bir kosayla

Bir keçəlin əlində.

İki can arasında,

Bir əcəlin əlində.

Süfrəmdə yeddi nemət

Çatışmır səkkizinci.

 

Novruz bayramının rituallarından biri hesab olunan yumurta döyüşdürmək bayramın yaradılış fəlsəfəsinin ifadəsidir. Bu ritual mifologiyada dünyanın yaradılışının və xaosdan (mifopoetik) kosmosun yaranmasının (kosmogenetik) simvoludur. Yaradılışı təmsil edən yumurta bayramda da eyni funksiyasını yerinə yetirir, öz rolunu qoruyub saxlayır. Lirik qəhrəmanımız  isə bayram ənənəsini “pozur” və yumurtaları məcbur qalıb özü ilə “toqquşdurur”, çünki qarşı tərəf yoxdur, o qədər özünü tənha hiss edir ki, öz tənhalığının içində boğulub qalıb. O, rəngli yumurtalarla özünü cəzalandırır və özünə əziyyət verir. (sayıqlamanın poetikası)

Bayramın digər ritualı hesab olunan papaq atmaq motivi bölüşdürməyin, paylaşmağın və bərəkəti yaymağın rəmzidir. Papaq atmaq eyni zamanda həm oyunu, həm də şadlığı simvolizə edir. Şeirdə isə papaq atmaq ümid və nostalji duyğuların simvoludur.  Lirik qəhrəman gözünü yolda qoyan şəxsin “papaqdan çıxması” arzusu ilə yaşayır. Burada xəyalla ilə gerçəklik arasında sərhəd pozulur, qəhrəman uşaq oyununa bənzər fantaziyanın içində ilişib qalır və reallıqla barışa bilmir. O, reallıqdan qaçır və xəyala sığınır. (sayıqlamanın poetikası) Şeir məntiqin dağılmağa başladığı duyğusal vəziyyəti təsvir edir, şeirin  dili şüur axınına və parçalanmış düşüncə ritminə uyğun yazılıb, mətn məntiqini itirmiş simvollar və absurd, paradoksal təsvirlərlə zəngindir. (“Gözlərinin qarasın Axtarıram aşımda”) Lirik qəhrəman sevginin izini, kölgəsini gündəlik həyatın içində axtarır. Şair lirik qəhrəmanı danışdırır, bayramı "məntiqsiz" saymır, amma bayramın kollektiv sevincinin fərdi əzablar qarşısında mənasızlaşdığını təsvir edir:

 

 

 

Sevincimin ürəyi,                                                           

Ürəyimin sevinci.

Gözlərinin qarasın

Axtarıram aşımda.

Rəngli yumurtaları

Qırıram öz başımda.

Ümid varsa, qapıya

Papaq atmaq çox asan.

Elə istəyirəm ki,

Papaqdan sən çıxasan...

 

 

 

Görəsən, bayram bir fərd üçün nəyi ifadə edir? Hamı üçün bayram anlayışı sevinclə, xoşbəxtlikləmi assosiasiya olunur? Yoxsa bayram fərdin ruh halı ilə ayaqlaşır? Şair bu suallara birbaşa cavab vermir,  hər misrası ilə bu cavabı bizə hiss etdirir. Lirik qəhrəmanı “sənsizlik” adlı yaz üşüdür, qəlbində “yandırdığı” tonqal belə onu isitmir, qaranquşlar xəbər gətirmir, yumurtanı toqquşduracaq birini tapmır, papaqdan “gözlədiyi şəxs” də çıxmır.  O, qarşı tərəfi (fikrimizcə, özünü) gözləyir və ona sanki öz daxili dünyasından sayıqlayan şüuru ilə səslənir. Bir tərəfdən keçmişdəki “mən”indən qaçır, digər tərəfdən olmaq istədiyi və ya itirdiyi “mən”ini gözləyir, yenidən doğulmaq, özünü tapmaq, tamamlanmaq (spiritualizm) istəyir.

Gənc şair Elvin Bakiroğlunun “Novruz sayıqlamaları” şeirində Novruz bayramına və bayramın rituallarına yalnız milli hadisə kimi deyil, həm də şəxsi hisslərin və ruh vəziyyətinin ifadə vasitəsi kimi yanaşılır. Müəllif burada bayram atmosferini deyil, səssizlik və tənhalığını önə çıxarır. Şair folkloru olduğu kimi təqdim etmir, ona öz duyğularını da qatır, şəxsi əzabı kollektiv şüurun fonunda göstərir, folkloru sabit arxaik mənbə kimi deyil, dəyişkən və yaradıcı potensiala malik simvolik sistem kimi təqdim edir. O, Novruz bayramı təsvirlərini subyektiv kontekstə daşıyır, milli, mədəni kodları və folklor motivlərini fərdi təcrübə ilə ifadə edir. Novruz bayramı təqvim bayramı kimi sanki sükunətin içindən boylanır, bayramın gətirdiyi sevinc və yenilənmənin fonunda lirik qəhrəmanın içində sayıqlamalar yaradır. Sayıqlama nizamsız, məntiqsiz, şüurdan kənar düşüncə axını, reallıqla xəyalın qarışdırılmasıdır. Bədii ədəbiyyatda “sayıqlama” anlayışı yalnız xəstəliyin, narahatlığın əlaməti kimi deyil, reallıqdan qopmuş şüurun dili, ruhi dağınıqlığın və şüur axınının poetik forması kimi işlənir. Elvin Bakiroğlu “sayıqlama” anlayışını şeirdə bədii texnika metodu kimi ifadə edib. Müəllif bu metoddan istifadə edərək, lirik qəhrəmanın ağlını deyil, qırılmış könlünü, ruhunu danışdırır. O, qəsdən məntiqi, nizamı pozur, xəyalla reallığı qarışdırır, lirik qəhrəmanın məntiqsiz, xaotik duyğularını və düşüncələrini poetik şəkildə təqdim edir. Sayıqlayan özü deyil, qəhrəmanıdır, özü birbaşa xəyal görmür, amma xəyal səhnəsini canlandırır.

Novruz bayramı adətən yenilənmə və yazın gəlişi ilə assosiasiya olunsa da, bu şeirdə bayramın gətirdiyi kollektiv sevinc fərdi şüurun paradoksal və narahat vəziyyəti ilə toqquşur, ekzistensial ziddiyyət təşkil edir. (toplumsal şüurla fərdi şüur arasındakı konflikt)  Lirik qəhrəman üçün Novruz bayramı baharın deyil, sayıqlamaların, narahatlığın, ruhi çaxnaşmanın və paranoyak düşüncələrin fəslidir. Lirik qəhrəmanın itkiləri, emosional sarsıntıları, iztirabları onu ruhən parçalayır, toplumsal şüurun dikdə etdiyi bayram sevinci onun yaddaşında travmalarla, itkilərlə toqquşur və bu şüurdan kənar vəziyyət “sayıqlama” ilə, illüziyalarla ifadə olunur. “Sayıqlama” halı rasionallıqla irrasionallıq, gerçəkliklə yuxu arasında keçid rolunu oynayır, lirik qəhrəmanın daxilindəki boşluq və tənhalıq hisslərinin təzahürü kimi çıxış edir. Bu hal onun bayram kontekstində yaşadığı ruhi sarsıntılar və emosional qarışıqlığın ifadəsidir. Şeirdə lirik qəhrəman üçün Novruz bayramı nə sevincdir, nə yenilənmə, nə də kollektiv coşqu. Onun üçün bu bayram itki, əzab və tənhalıq bayramıdır. Məntiq və nizam pozulub, lirik qəhrəman sayıqlayır, o danışsa da, nitqi şüurlu deyil, ardıcıl düşünmür, yarımçıq xatırlayır, sanki yuxudadır. Qəhrəmanımız bayram rituallarını digərləri kimi normal qəbul edib yaşamır, mənəvi böhranının ifadə vasitəsinə çevirir. Şeirdə Novruz bayramı sayıqlamaların “xəbərçisidir”.

 

Ədəbiyyat

  1. Bakiroğlu, E. Novruz sayıqlamaları şeiri. Yeniyaz.az - Elə istəyirəm ki... - Günün şeiri 
  2. Bakiroğlu, E. Şeirlər. https://www.kulis.az/xeber/senet/Butun-pncrlr-yumdu-gozunu-colorredElvin-Bakiroglunun-seirlricolor-30648  
  3. Bakiroğlu, E. Yeni şeirlər. https://kulis.az/xeber/edebi-tenqid/Bizim-kecmisimiz-l-l-gzir-colorredElvin-Bakiroglunun-yeni-seirlricolor-36371 
  4. Xəlil, A.S. Türk xalqlarının yaz bayramları və Novruz. Bakı: “Elm və təhsil”, 2013, 150 s.
  5. Qasımova, S.A. Azərbaycanda Novruz ənənə və inancları. Bakı: “Elm və təhsil”, 2018, 188 s.
  6. Mustafayev, Z. Novruz bayramı: tarixi kökləri və ənənələri. NOVRUZ BAYRAMI: TARİXİ KÖKLƏRİ VƏ ƏNƏNƏLƏRİ » Təhsil Junalı 
  7. Tahirqızı, Ü. Şıxəli Qurbanovun pasport aldığı Novruz. https://www.anl.az/down/meqale/xalqcebhesi/2014/mart/358918.htm