SÜLEYMAN ABDULLAdan İKİ ŞEİR
ÜRƏYİMİN ŞEİRİ
Vida günü çox sakitdir hava nədənsə,
Ayrılıqdan xiffət çəkir ağır ürəyim.
Elə həzin, elə şirin ağrıyır ki, dost,
Bu dünyanın acısını fağır ürəyim.
Bağlanmışıq bu şəhərin axı nəsinə,
Qulağımız qut olmadı bir qu səsinə.
Sığınmadı bir palıdın gen kölgəsinə,
Damcı-damcı öz içinə yağır ürəyim.
Bir kimsə yox ahımıza dönüb can deyə,
Yuxu görmək qovuşmaqdır qan deyə.
Çox danladı dostum baxmırsan deyə,
Bir özünə, bir özümə baxır ürəyim...
Qismətimiz belə gəlib, gedər beləcə,
Körpü altdan axan sular qoşar seləcən...
Zaman ilə bəhsə düşüb qaçır eləcə,
Dayanacaq bir soluqda axır ürəyim.
BİR DƏ GÖRƏRSƏN Kİ...
Hər şey ötəridir dünyada, dostum,
Gələni, gedəni, yatıb qalanı...
Hamı gedərgidir, küsməklə qalmaz,
Yolların daşını atıb qalanı.
Gərək Xeyir ola əməl etdiyin,
Haqqa arxalanan gediş sağ olsun.
Sonu uğurdusa yolun, getdiyin,
Ya qatar, ya maşın, ya uçaq olsun.
Bir yola baxarsan, bir yol daşına,
Çalış ətrafını seçib də iddə.
Adamı çatdırmaz mənzilbaşına,
Hər qatar fiti də, hər son keçid də.
Ünvana gec çatar axırıncısı,
Bəlkə də birinci qəzandı düşmək.
Bələdçi yelləyir əlini sənə,
Yolun yarısında asandı düşmək.
Yoldu, yorulmağı, usanmağı var,
Arada taledən giley yaxşıdı.
Bir də duyarsan ki, işıqdır hər yer,
Bir də görərsən ki, hər şey yaxşıdı