Əbülfət Mədətoğlu - İşıqlı ŞEİR
Dodaqlarım quruyanda adını
Pıçıldayıb qoparırdım qaysağın...
Duya, duya bu sevginin dadını -
Yaşayırdım bahar cağın, yay çağın!
Gözlənilməz qış şaxtalı bir payız
Həm çiçəyi, həm yarpağı üşütdü...
Qədər oldu bircə anda amansız -
Nə yer bizi, nə göydəki eşitdi...
Dağ titrətdi hönkürtüsü ürəyin,
Bəbəyimdən daşan seli silmədim...
Elə yerdən xəncərləndi kürəyim -
Nədənini bu günəcən bilmədim!..
Xatirələr yağış olub ələndi -
Yaşamaqdan küsgün nəfəs dərəndə...
Ömrüm yalnız şəkillərə bələndi -
Yaddaşımı mən işığa sərəndə...
...Yozumu var vurulan hər ilmənin
Bu gerçəyi danmaq gücüm itibdi...
Zamanıdı , sən də bunu bilmənin -
Sol yanında , bir Əbülfət bitibdi!