Xatirə Rəhimbəyli - İÇİMDƏ

Ədəbiyyat 10:18 / 30.04.2026 Baxış sayı: 191

 

Hicran mənim çox qanımı içibdi,

Ürəyimdə dərin yara açıbdi.

Ta sevgidən məhəbbətdən keçibdi,

Adin kimi bir şeytan var içimdə.

 

Bu hiss çılğın bir körpədi mən dayə,

Ta dözmürəm bu zülmə bu cəfaya.

Sədaqətə etibara vəfaya

Dəli kimi bir üsyan var içimdə.

 

Yar dediyim etmədisə inayət,

Nəyə lazım bu dözüm, bu dəyanət?!

Oyan daha, xəyanət!Ah,xəyanət!

Qırılmışam,qana qan var içimdə!

 

Aldadıldım ,tükənmişəm, yox sözüm,

Ürəyimdə ziyan oldu çox sözüm...

Kəndir əlim,zəhər dilim,ox sözüm,

Bir cəhənnəm ,bir zindan var içimdə!

 

Bu yarğandan o yarğana "dön" deyir,

Cəhənnəmin atəşinə "sön" deyir.

Ölür,itir,qalxır yenə "sən" deyir,

Xatirə tək bir nadan var içimdə...