Sözün keşikçisi – Seyran Səxavət

YAZARLAR 18:23 / 11.03.2026 Baxış sayı: 120

Mətbuatda “Qəfil görüş” adlı hekayəm çap olunmuşdu. Axşamüstü ustad yazıçımız Seyran Səxavətdən zəng gəldi. Hal-əhval tutandan sonra dedi ki, Aləm, hekayən çox xoşuma gəldi. Ancaq səndən bir xahişim var. Buyur, qardaş, - deyə cavab verdim. Dedi ki, hekayəndə bir yerdə “bənzəyirdi” sözü yazmısan. Gələcəkdə kitab çıxaranda onu “oxsayırdı” sözü ilə əvəz edərsən. Dedim ki, baş üstə.

Bu söhbəti elə-belə yada salmadım. Məqsədim oxucuların böyük rəğbətini qazanməş hörmətli yazıçımız Seyran Səxavətin ədəbi yaradıcılığa olan münasibətini diqqətə çatdırmaq idi. İlk baxışda bu iki söz arasında elə bir ciddi fərq yoxdur. Ancaq, görünür, bənzəyirdi sözü cümləyə rahat oturmadığına, onun ahənginə xələl gətirdiyinə görə (şeirdə olduğu kimi) ustad yazıçımızı narahat etmiş və mənə məsləhət vermək istəmişdi. Mən çox istərdim ki, Seyran Səxavətdə olan bu yazıçı məsuliyyəti, mətnə, sözə olan münasibət bizim bütün yazıçılarımızda olsun.

Bildiyiniz kimi Seyran Səxavət ədəbiyyata şeirlə gəlmiş, gözəl poeziya nümunələri yaratmışdır. Sonralar nəsr sahəsində qələmini sınaqdan çıxarmaq istəmiş və yazıçı kimi daha böyük uğurlara imza atmışdır. Özünün söz boxçasına, istedadına arxalanan yazıçı insan amilini önə çəkərək bəşər övladını narahat edən mövzulara üz tutmuş, bir-birindən dəyərli əsərlər ərsəyə gətirmişdir. İstər kənd həyatı olsun, istərsə şəhər – fərq etməz, Seyran Səxavətin əsərləri həmişə öz koloritliyi və oxunaqlığı ilə seçilibdir. Onun “Daş evlər”, “Qızıl teşt”, “Nekroloq” və digər əsərləri Azərbaycan ədəbiyyatı tarixində öz layıqli yerini qoruyub saxlayacaqdır.

Bəstəkar və teatr xadimlərimiz də Seyran Səxavət yaradıcılığına biganə qalmamış, həvəslə onun əsərlərinə müraciət etmişlər. Yeri gəlmişkən bilməyənlər üçün deyim ki, Seyran müəllim milli musiqimizin, muğam sənətimizin də mahir bilicilərindəndir. (Qarabağlı olasan, xalq musiqisini bilməyəsən?!) Bəlkə musiqini, poeziyanı, folkloru, yumoru birlikdə yoğurub yazmaq qabiliyyəti olduğuna görə Seyran Səxavətin əsərləri belə gözəldir. Bu cür nümunələr ədəbiyyatımızın çəkisini, qüdrətini artırır, başqa xalqların əsərləri ilə müqayisədə onu əlçatmaz edir. Seyran Səxavət təkcə yazmır. O, sözün gücünə, qüdrətinə söykənərək, öz təsvirləri ilə rəssamların yarada bilmədiyi tabloları göz önünə gətirir, oxucunu mətnin əsirinə çevirir. Bu mətnlərdə Azərbaycan dilinin zənginliyi, musiqisi, sözün səsi və ətri vardır. Mən Seyran Səxavət yaradıcılığına olan münasibətimi qısaca olaraq belə ifadə edərdim: Seyran Səxavət təkcə yazıçı deyil. O, eyni zamanda sözün rəssamı, bələdçisi, keşikçisi və mən deyərdim ki, hətta sözün sahibidir. Əgər hər hansı ciddi bir qələm adamı sözü yerində işlətməyib cümlələrin xətrinə dəysə, bilsin ki, qarşısında Seyran Səxavəti görəcək.

Ustadla ara-sıra görüşlərimiz, söhbətlərimiz, polemikalarımız olur. Onun haqqında bu qənaətdəyəm ki, Seyran müəllim çoxları ilə müqayisədə tam fərqli bir xarakter sahibidir. O mənada ki, onda olan müsbət, ali keyfiyyətlərin sayı daha çoxdur. O, uşaq kimi təmiz və sadəlövh, gənclər kimi mübariz və çılgın, yaşa dolmuş adam kimi isə böyük nüfuza malik olan nötəbər bir ziyalıdır. Seyran Səxavət xalqla nəfəs alan dürüst, mehriban, zarafatcıl bir insandır. Böyüklə böyük, kiçiklə kiçik kimi dvranmaqda mahirdir. Onunla yoldaşlıq etməyin, yola çıxmağın həmişə yeri var.

Ustad, 80 illik yubileyin mübarək. Can sağlığı, uzun ömür, sevinc dolu həyat, yeni yaradıcılıq uğurları arzulayıram!

Aləm Kəngərli