Məmməd Qədir - Etibar eylə
Sevgi günəşinin hərarəti yox,
Çax ildırım kimi, yağış, qar eylə.
Səp, könül bağçana insaf gülü ək,
Bir gün son qışımı ilk bahar eylə.
Düşünmə dünəndə nələrin qalıb,
Sonuncu qələbən,zəfərin qalıb,
Hələ ki sevməyə hünərin qalıb,
Çiçək aç, bar gətir, növbahar eylə.
Şübhənin gözün oy, qaşını çıxar,
Bu dərdin şumundan xışını çıxar,
Könlündən kəsəyi, daşını çıxar,
Səhra ürəyini bir gülzar eylə.
Gedənlər qayıtmır, gəlmişlər gedir,
Xəzan taleyində göy işlər gedir,
İçində amansız döyüşlər gedir,
Məğlub ol, zəfər çal, tezbazar eylə.
Nə dağsan, günəşin, dumanın yoxdu ,
Eşqə gəl, möhlətin, zamanın yoxdu,
İndi ki, sevgimə inamın yoxdu,
Çobanyastığına etibar eylə...