Kəmaləddin Qədim - OLA

Ədəbiyyat 11:01 / 05.05.2026 Baxış sayı: 224

 

Nə bu boyda yerin, canım,

nə bu boyda göyün ola.

Çox demirəm, bir ürəkdə

bir kiçicik öyün ola...

 

Pulu-parasından haşa,

Çəkilənlər gələ başa.

Nə sevincin başdan aşa,

nə dərdin yüz löyün ola...

 

Ömür boyu bir gözəlin,

Qala yaxasında əlin.

Lap elə nazlı-qəmzəli,

bir az da ərköyün ola...

Qara gələ kaş xəbərin,

Baş xəbərin, çaş xəbərin.

Gözlədiyin xoş xəbərin

ayaqları yeyin ola...

Elə bu kəmdə, kəsirdə,

Bir həsir, məmmədnəsirdə.

Döyməyə bir qapı, bir də

baş qoymağa çiyin ola...