Nazim Əhmədli poeziyasında misraların gəraylı və bayatı düzümü
Nazim Əhmədlinin yaradıcılığı, xüsusi ilə poeziyası öz özəlliyi ilə həmişə mənim diqqətimi özünə cəlb edib. Onun bənzərsiz şeirlərini, şeirlərinə yazılmış türküləri xeyli müddətdir ki, ölkəmizin aparıcı ədəbi mətbu orqanlarından və sosial şəbəkələrdən izləyirəm. Nazim Əhmədlinin şeir və hekayələri, publisistikası yaradıcılığının erkən vaxtlarından ədəbi cameənin diqqətini cəlb etmiş, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Orxan Aras, Qurban Bayramov, Şirindil Alışanlı, Esmira Fuad kimi görkəmli ədəbiyyat adamları, Nəriman Həsənzadə, Vaqif Bəhmənli, Rəşad Məcid, Sərvaz Hüseynoğlu kimi məşhur söz sərrafları, adını saymadığım digər söz və sənət adamları onun yaradıcılığı haqqına maraqlı və diqqətəlayiq fikirlər söyləmişlər. Bu günlərdə təsadüfən Nazim Əhmədli ilə mətbəələrin birində rastlaşdıq. Bir az da yaxından tanış olmaq imkanı yaranmışdı. İki gün keçmiş çay süfrəsi arxasında görüşdük. İki kitabını - “Mən bir günah elçisiyəm” və “Unutduğum göy üzü” kitablarını mənə hədiyyə etdi. Evə gələn kimi isti-isti kitabları varaqlamğa başladım...
Belə bir təkzibolunmaz fikir var ki, şairləri, tanımaq, onların istedadına, yaradıcılıq miqyasına, daxili aləminə, sözə verdiyi dəyərə, zövqünə bələd olmaq üçün onların şeirlərini oxumaq kifayət edir. Şeirlər şairlərinin ən gözəl və aydın güzgüsüdür:
Güzgüdən baxırsan mənə,
Kimsən mənə oxşar adam;
Səsin, səmirin də çıxmır,
İçində danışan adam;
Bəli bir çox hallarda özü ilə danışır, içində danışır, dünyada baş verənləri, ətrafında cərəyan edən hadisələri içindən keçirir, özününkü edir, özünə sual verir, Nazim Əhmədli:
salam, necəsən ürəyim,
sinəmin altı necədi?
məni hər yana çapırsan,
mindiyin atın necədi;
bu qələmim lələk deyil,
şair hələ mələk deyil,
hamı sənə ürək deyir,
adın, soyadın necədi
bilmirəm ki, qışam, yazam,
saçıma baxdım, bəyazam;
gərək sənə nəsə yazam,
şeir, bayatı, necədi?
Və elə şair, şeir, bayatı yazmaqla özünü ovundurur. Sözünü də, gileyini də, sevncini də, kədərini də, narazılığını da şeirləri- qoşmaları, gəraylıları, bayatıları vasitəsilə ifadə edir:
gözlərin nə yaman dolub,
al yanaqların bal dadır;
əlini qoy sinəm üstə,
gör ürəyim nə haldadır;
məni kim tapa kiridə,
bu qərib dərdi əridə;
bir ömür qalıb geridə,
nə sağdadı, nə soldadı;
Nazim Əhmədlinin yuxarıda adını çəkdiyim iki kitabına daxil deilmiş şeirlərin əksəriyyəti ənənəvi xalq şeri olan gəraylı, qoşma və bayatı üstündə köklənib. Mənim qənaətimcə yaradıcılıq, istedad Tanrının verdiyi bir nemət olmaqla yanaşı, həm də genetik xarakter daşıyır. Nazim Əhmədli danışır ki, onun ata babası Aşıq Məşədi Dadaş şair olub və “Aşıq Qərib” dastanını qələmə alıb. Qaçaq Nəbi haqqında yazılan şeirlərin çoxunu Aşıq Salman babam yazıb… “Atam da, anam da bədahətən şeir deyirdilər. Atam nəfəs aləti üzrə musiqiçi olub. Ailəmizdə üç şair var, mən, qardaşım Vüqar Şamiloğlu və mərhum bacım Ləman Şamilqızı. Doğulduğum Laçın mühitində folklor çox güclü olub”. Düşünürəm ki, Nazim Əhmədin şeirlərinin əsasən xalq yaradıcılığı üslubunda yazması onun genetik yaddaşından, böyüyüb boya-başa çatdığı Laçının mühitindən və həm də onun etnik yaddaşəndan irəli gəlir. Anacaq bu şeirlər, həm də klassik qoşma, gəraylı və bayatılardan tamamilə fərqlənir, tamamilə yeni məzmunda, yeni obrazda, yeni düşüncə tərzi və yeni poetik ifadələrlə təqdim olunur. Onun deyimi də, obrazı da, ifadə forması da yenidir. Yeni olmaqla özəldir, heç kimə bənzəmir , orjinaldır, Nazim Əhmədliyə məxsusudur, onun öz nəfəsi və səsidir. Diqqət yetirək onun anasına həsr etdiyi “anam” şeirinə-bayatısına:
anam köçəndən bəri,
gözüm yuxu yatmayıb;
hər gün məktub yazıram,
biri gedib çatmayıb;
ruhum oyaqdı, deyib,
dərdim qayıqdı, deyib;
anam, bayatı deyib,
saçını boyatmayıb;
bu dünya bir qalacıq,
gəlib, gedən yol açıq,
anam, quş olub uçub,
bir daha qayıtmayıb;
Adətən deyirlər ki, bayatı yazılmır, çağrılır. Klassik xalq ədbiyyatında cəmi dörd sətirdən ibarət olan, dərin məna kəsb edən və bayatı çağıranın ən incə duyğu və hisslərini ifadə edən bu janrdan istifadə edərək Nazim Əhmədli anasına olan sevgisini görün nə qədər kövrək və ülvi hisslərlə ifadə edib. Və ya “sıxdı uzaqlar məni “ adlı bayatısında yurd nisgilini və həsrətini incə və yanıqlı ifadə edir. Sanki müəllif nə vaxtsa Murov dağından üzünü Laçına tutb həsrətli bir bayatı çağırır:
sıxdı, uzaqlar məni,
həsrətim yarpaqladı;
burdan çoxdan getmişəm,
məni kim soraqladı;
kimin oduna düşdüm,
yarpaq kimi bürüşdüm;
dağlar yadıma düşdü,
içim-çölüm ağladı;
alışıb yanır içim,
ovcunu tut su içim;
hardan atdanım, keçim,
sel-su yolu bağladı;
Onun şeirlərində həm sevinc, həm də kədər bildirən, həm sevgi həm də ayrılıq bildiriən, həm nəsihət, öyüd bildirən, təbiəti və həyatı özündə ehtiva edən gəraylılar öz əksini tapıb. Belə gəraylılardan birini aşağıdakı nümunə ilə oxucuların diqqətinə çatdırmaq istədim:
ah çəkim səni çağırım
oyan ahıma bu gecə;
yastığımı çevirəcəm,
gəl, gir yuxuma bu gecə;
ulduzlar çiçək-çiçəkdi,
ay hamısından göyçəkdi;
ruhumu göy üzü çəkdi,
qarış ruhuma bu gecə;
Nazim Əhmədin şeirləri son dərəcə sadə, sadə olduğu qədər də dərin məna kəsb edir. Onun şeirlərində bir əsrar var, oxuduqca səni düşünməyə vadar edir. Şeirlərdə bütün sözlər yerli yerində işlənir, bir-birini tamamlayır, sözlərdən muncuq kimi sətirlər düzəlir, sətirlərdən minbir naxışlı xalı toxunur, tamamlandıqca da fikir bütövləşir. Nazim Əhmədin bir şair kimi böyüklüyü də bundadır ki, o sədəlikdə böyüklüyü, dərinliyi ifadə edir.
gəl verək baş-başa burda,
bu bom-boş küçədə qalaq;
bir sən ol, bir də mən olum,
bu aylı gecədə qalaq,
gəl bu oyaq yuxuma gəl,
gəl, bir az da yaxına gəl;
gəlib qoşul ruhuma, gəl,
bir az, bir tikə də qalaq;
Nazim Əhmədli yaradıcılığında diqqəti çəkən məqamlardan biri, bədii təsvir vasitələrindən məharətlə istifadə etməsidir. Onun, mövzu və məzmunundan asılı olmayaraq bütün şeirlərində metaforik düşüncə, təşbeh və epitetlərdən məharətlə istifadə xarakterikdir. Bu baxımdan onun təbiət təsvirlərinə həsr etdiyi şeirləri oxuduqca heyrətini gizlədə bilmirsən. Onun məni məftun edən həmin şeirlərdən birini nümunə gətirmək istəyirəm, diqqət yetirin:
zirvə açıb yaxasını Günəşə,
duman basıb, dərədə ağ gecədi;
ildırımın tək səbiri gəlmədi,
qara buld göy üzündə çəçədi;
tellərini döşə yayıb qız bulaq,
dağ çayına pay göndərir yüz bulaq;
bir qayanı yarıb çıxan buz bulaq
düyməsindən pərvazlanan qönçədi;
Təbiətlə insan hər zaman vəhdətdədir. Azərbaycan ədəbiyyatında təbiəti öz əsərlərində təsvir edən şairləri saymaqla bitməz. Bu baxımdan təbiət lövhələrini öz əsərlərində təsvir etmiş minlərlə şeir örnəkləri misal gətirmək olar. Ancaq gəlin etiraf edək ki, Nazim Əhmədlini təbiət lövhələri son dərəcə heyrətamizdir. Təbiətin şeirdə ifadə forması təbiətin özü qədər əsrarəngiz və füsünkardır. Bu nümunələr oxuduqca hiss edirsən ki, Nazim Əhmədlinin təkcə metoforik iifadə tərzi, poetik istedadı güclü deyil, həm də onda bir bəsirət gözü, bəsirət düşüncəsi var. İstər təbiət təsvirlərinə, istərsə də digər mövzulara həsr olunmuş şeirlərində metoforik ifadə bir deyil beş deyil, onun bütün yaradıcılığı üçün xasdır. Dediklərimin təsdiqi üçün həmin şeirlərdən daha bir nümunə gətirmək istəyirəm:
çiçəklərin yanağına qonan şeh,
boz dumanın dodağının nəmidi;
göy talada dalğalanan lalələr
elə bildim od vurulmuş zəmidi;
min təzad var çeşmələrin səsində,
meşə itib ilk baharın sisində;
daş kahalar qayaların köksündə –
bu dağların yuva-yuva qəmidi;
çeşmə açıb sərin sulu ovcunu,
qonaq edir gəlib-gedən yolçunu;
harayladı bir insaflı ovçunu,
tərlan qovan bir kəkliyin ümidi;
Nazim Əhmdəli ilə münasibəti olan hər kəs bilir ki, o ufologiya elmi ilə məşğul olur. Ufoloq yadplanetlər haqqında məlumatları toplayam, təsnifləşdirən onların izahını, şərhini verən insanlara deyilir. Nazim Əhmədli də bu elmlə aktiv məşğul olan bir insan kimi öncəgörmə, yuxuyozumları, ruhların mövcudluğu ilə məşğul olduğu üçün onun yaradıcılığında yuxu, ruh və göy adamına aid kifayət qədər şeirlər vardır və bunlar təkcə onun ufoloq olmağından irəli gəlmir, həm də onun istedadından və onun üzünün şüuraltı yaddaşından və “göy adamı” olmasından irəli gəlir.
Nazim Əhmədlinin yaradıcılığı haqqında araşdırma aparmış müəlliflərin əksəriyyəti də onu “Göy üzünün adamı” adlandırır. Akademik Nizami Cəfərov Nazim Əhmədlinin yaradıcılığına həsr etdiyi məqaləsini “ Yer üzünün göy üzü”, filologiya elmləri doktoru Esmira Fuad “Yer üzünün qonağı, göy üzünün adamı”, tənqidçi, ədəbiyyatşünas alim Qurban Bayramov “Göy üzünün yaddaşı”, yazıçı-publisist Süleyman Qaradağlı “Göy üzünə yazılan misralar”, tanınmış şair-publisist Şərvaz Hüseynoğlu onun yaradıcılığına həsr etdiyi kitabını “Nazim Əhmədlinin çəhrayı yuxuları” adlandırıb. Sösüz ki, bu misalların sayını çoxaltmaq da olar. Ancaq məncə, Nazim Əhmədlinin “göy adamı” olmasını təkcə onun haqqında yazan müəlliflər deyil, həm də şeirlərində özü etiraf edir, öz kitablarından birini “Unutduğum göy üzü” adlandırması da özlüyündə nəyi isə deyir. Həmin şeirlərdən bir neçəsini misal gətirmək istədim:
mən bir qərib, qərib adam,
adam, soyuq kəlmə kimi;
üzümə soyuq baxmayın,
göy üzündən gələn kimi;
yaşım min illər o yana,
daş atdım ruhum oyana;
yaddaşım daşdan boylana,
naxışlana ilmə kimi;
“Göy üzünün adamı”ndan daha bir nümunə gətirməık istəyirəm:
hərdən qayıdır canıma,
bir sınıq ağrı, gecələr;
ulduzlar göydən perikib,
hayana axır, gecələr;
kimsə məni qaralayıb,
dağ başında qar allıyıb;
göy üzünü aralayıb,
fələklər baxır, gizlicə;
buludlar papaq-papaqdı,
göydən yenə ulduz axdı;
deyən Tanrı da oyaqdı,
bu son, bu axır gecələr;
Bütün bunlar onu göstərir ki, nazim Əhmədlinin yaradıcılığında bir metafizika , dərin fəlsəfi məna, bir ruhani düşüncə var.
Maraqlıdır, Nazim Əhməd şeirlərində sətirlərin heç birinin sonuna nöqtə qoymur, misralar bir-biri-bilə vergül və ya nöqtəvergüllə ayrılır. Bu da Nazim Əhmədlinin bir özəlliyidir. Düşünürəm o, bununla fikir tamamlanmayıb, şeir hələ davam edir demək istəyir və davam etdikcə şeirdən şeir doğulur:
durum, tərpənim, yüyürüm,
söz bükdərim, söz əyirim;
hələ bitməyib şeirim,
dəftərimin ağ yeri var;
Nazim Əhmədlinin şeirlərini oxuduca hiss edirsən ki, bu şeirlər içi bayatı , nəğm, oxşama ilə dolu bir qəlbin nəğmələridir. Şeirlərin böyük əksəriyyəti son dərəcə axıcı və qəlbə yatan olmaqla nəğmə , türkü mətinləridir. Və təsadüfü deyil ki, həmin mətnlər bir andaca nəğmə mətininə çevrilir və dildən-dilə, ağızdan-ağıza keçir:
nəsə demək istəyirdin,
sözünü saxla sabaha;
gəlib söndürmə ocağı,
közünü saxla sabaha;
sünbülü ver , süsəni ver,
könlüm səndə küsəni ver;
dodağından busəni ver,
üzünü saxla sabaha;
və ya
gəl gizlicə çıxıb gedək,
bağçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq bülbül yerinə;
söz deyim gülsün ürəyin,
sözə bükülsün ürəyin;
danışa bilsin ürəyin,
ağzındakı dil yerinə
bax ulduzlar qönçə-qönçə,
gözün göyçək, belin incə,
gəl canımı al, bu gecə,
apar əzrayıl yerinə;
Maraqlıdır ki, Nazim Əhmədlinin türkü mətni olan şeirləri qardaş Türkiyəmizdə daha çox sevilr və bu şeirlər üstə oxunan türkülər onun şeirləri kimi könülləri riqqətə gətirir.
Nazim Əhmədlinin nəinki bütöv yaradıcılığı, bir kitabı, onun istənilən tək bir şeiri bir geniş təhlilin, bir yazının mövzusudur. Təəsüf ki, onun yaradıcılığının bütün məziyyətlərini bir yazıya sığışdırmaq imkan xaricindədir. Və mən Nazim Əhmədlinin şeirləri ilə tanış olduqca, onları aydin gecələrdə ulduzlar göy üzünü al-əlvan çiçəklər təki bəzədiyi kimi, poeziya kəhkəşanımız bəzəyən ulduzlara bənzətdim.
Ramiz Göyüş
Yazıçı-publisist