SÜLEYMAN ABDULLA - GEDƏRƏM

Gündəm 10:05 / 09.03.2026 Baxış sayı: 329

 

Hərdən ürəyimə deyirəm ol daş,

Olmur, barı canım ola, gedərəm.

Yola gətirməyə olmasa yoldaş,

Kimisə taparam, yola gedərəm.

 

Ömür dedikləri axarı sutək,

Eşqin son rəqsini eləyib qutək,

Bir soyuq qış günü yaz buludutək,

Tutula, boşala, dola gedərəm.

 

Nə bilim, bəlkə də nəsə ağ olmuş,

Keçmiş yaxşı dövran, gözəl çağ olmuş.

Məndə can qalmadı canı sağ olmuş,

Sən sağa, mən dönüb sola gedərəm.

 

Əlbət, gün gələr ki, olar olmazı,

Səbir kasasının dolar olması...

Çoxdur bu dünyanın olar-olmazı,

Olmaya gedərəm, ola gedərəm.