Əlizadə Nuri - Yorğunluq

Ədəbiyyat 14:01 / 09.03.2026 Baxış sayı: 223

 

Allah göydə deyilsə,

O göy kimin göyüdü?

Harda yetim dərd qalıb

Verin mənə böyüdüm...

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

Hər yanımı qan tutub-

Mən də belə adayam.

Get, o bayquşdan soruş

Hansı xarabadayam?

Yuxumda yatan çiçək,

Öpüb oyatdım səni.

...Ölüm, məni bağışla

Bir az yubatdım səni.

Qolum dost toyundadı,

Ürəyim dost yasında.

Mən öləndə basdırın

Bir leylək yuvasında.

Özümlə oynayıram,

Bəs hanı tay-tuşlarım?

Bu gün süfrə açmışam:-

Çağırın ac quşları...

...Ölü balıqlar düşür,

Atdığım hər qırmağa.

Çox soyuqdu... gedirəm

Allaha sarılmağa...