Ramiz Qusarçaylı - A bənövşəm mənim
O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu dünyanı sevdirib mənə
Özü bu dünyadan küsənim mənim.
Gör bulaq dərəyə nə dil açdırıb,
Tənha daşlara da könül açdırıb,
Həsrəti gözümdə gül-gül açdırıb
Qönçə dodağını büzənim mənim.
Gecələr rənd alır qara telindən,
Qara mənsizliyi dara telindən.
Düşüb ürəyimə yara telindən
Tel-tel ürəyimi üzənim mənim.
Dərdə də tək dözür canım, can keçib,
Qüruba enirsən danımdan keçib,
Üz-üzə gələndə yanımdan keçib,
Məni yuxularda gəzənim mənim.
Eh…bu da bir eşqin ayrı dağları,
Üşüyür kölgəsi aylı çağların.
Düzüb zülüm-zülüm ayrılıqları
Üstündə meh kimi əsənim mənim,
A bənövşəm mənim, süsənim mənim…