Əşrəf Veysəlli - SƏSLƏYİR MƏNİ
Ömrümün ağacında qocalıq meyvələri
Budaqları üstümə əyir,- səsləyir məni.
Dəydikcə şirinləşir, yetişdikcə ballaşir,
Günlərimi meyvə tək yeyir- səsləyir məni.
Ah!- Bu necə yanğıdır, görən yoxdu tüstümü,
Ölsəm bu qaranlıqda kim örtəcək üstümü?
Heykəltəraş taleyim dərddən yapıb büstümü,
Üstümə şər gəlsə də xeyir səsləyir məni.
Hardasınız, a dostlar, gözüm sizə tamarzı,
Əl axtaran əllərim əlinizə tamarzı.
Qələm kağıza həsrət, kağız sözə tamarzı,
Bir nazəndə gözəl qız-şeir səsləyir məni.
Dünya köhnə dünyadır, dərdləri təzə- təzə,
Bir də haçan yuyunar, haçan çıxar təmizə?!..
Bir göyərçin balası qonub pəncərəmizə,
Dimdiyiylə şüşəni döyür,- səsləyir məni.
2020- ci il.