Şahverən Cavad -  Bir tənha adayam , dörd yanım adam

Ədəbiyyat 22:20 / 08.03.2026 Baxış sayı: 467

Bir tənha adayam , dörd yanım adam

Bir tənha adayam , dörd yanım adam ,

Nimdaş fikirlərlə yüklənib çoxu .

Ətrafıma körpü sala bilmirəm ,

Hər kəs öz dərdinə yoluxub , axı .

Hələ ünvansızdır bu Yer kürəsi ,

Allaha çatmayan dualarım tək .

Havayı çəkirəm fikir yükümü ,

Daşımaq haqqımı kim ödəyəcək ?

Ölən ümidlər tək solur yarpaqlar ,

Belə yaşamaqdan ağac da bezdi .

Bu dünya Tanrının dəyirmanıymış ,

Heç daş da dözməzdi ,

adamdı - dözdü .

Daralıb zamanın hesab dəhnəsi ,

Sular bulanıqdır , daha lil axır .

Boşalıb kasıbın çörək təknəsi ,

Mis qazan tək dövrün paxırı çıxır .

Ömür də qüruba gedən Günəş tək ,

Asılıb əcəlin dar ağacından .

Ümid , səs çatmayan dərə kimidir ,

Sonuncu ümid də ölür acından .

08 . 03 .2026