Besti Berdeli - Nə yaxşı çəmənlər çiçəyi satmır.
Vallah bu təbiət yaman gözəldi,
Bənövşə qoşmadı, nərgiz qəzəldi.
Qayğılar azaldı, işim düzəldi,
Nə yaxşı çəmənlər çiçəyi satmır.
İndicə cənnəti görüb gəlmişəm,
Ruhumu, qəlbimi verib gəlmişəm,
Gülləri könlümə dərib gəlmişəm,
Nə yaxşı çəmənlər çiçəyi satmır.
Elə bil adamı ilan çalardı,
Kasıblar, qəriblər necə alardı?
Əllərim çiçəyə həsrət qalardı,
Nə yaxşı çəmənlər çiçəyi satmır.
Ömrün hər günündə qərib anım var,
Ümid günəşim var, sübhüm, danım var.
Bir dəstə çiçəyi qıymayanım var,
Nə yaxşı çəmənlər çiçəyi satmır.
Dünyanı dördəlli tutanı gördüm,
Pulun kölgəsində yatanı gördüm,
Torpağı, vətəni satanı gördüm,
Mə yaxşı çəmənlər çiçəyi satmır
2002