Xatirə Rəhimbəyli - Ürəyim sızlayır səsindən ötrü

Ədəbiyyat 09:40 / 12.01.2026 Baxış sayı: 274

Ürəyim sızlayır səsindən ötrü,

sözünün acısı eynimə gəlməz.

Səsin də dünyanın keyfinə gedir -

bircə yol hərlənib bu qəmə gəlməz.

Hər sabah çarmıxa çəkilər ahım,

“Ən-əl-sən” demişəm, bumu günahım?!

Adına bir ölkə qurmuşam, şahım!

Bəs nədən...

insafın ölkəmə gəlməz?!

Yıxıb inancları, danıb dinləri,

sevginin canına saldın cinləri.

Ruhumun o xilas göyərçinləri

nə çağrışa baxmaz, nə dənə gəlməz.

Adına doğulub sevgim,

hər nəsə...

Ürək sına-sına, qəlb əsə-əsə...

Bu dəfə sevdiyi rəhmə gəlməsə,

bu can bu cahana...

eh, yenə gəlməz.