HƏR KƏSİN DİQQƏTİNİ ÇƏKƏN MÜSAHİBƏ
Artıq hər kəsə məlumdur ki, Prezident İlham Əliyev 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına geniş müsahibə verib. Dövlət başçısı daxili və xarici siyasətin mühüm istiqamətlərinə, o cümlədən , Mərkəzi Asiya ilə Qərbi birləşdirən strateji tranzit yolu, Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolu şəbəkəsi üzrə layihələr haqqında da ətraflı fikir bildirib.
Azərbaycanın qürur dolu Zəfəri - 44 günlük Vətən müharibəsi torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təminatı ilə nəticələnərək həm beynəlxalq aləmdə, həm də ölkə daxilində siyasi və iqtisadi gücümüzün miqyasını bir daha nümayiş etdirdi. Ölkə Prezidentinin polad iradəsi, praqmatik düşüncəsi və siyasi arenada qətiyyətli mövqeyi ilə seçilərək Azərbaycanın işğal altında olan torpaqlarının mənfur düşmənlərdən qorunması naminə mühüm tədbirlər həyata keçirir.. Onun rəhbərliyi altında ordu və xalq arasında vətənpərvərlik hisslərinin qırılmaz bağlarla möhkəmlənməsi təmin olundu. Bu müharibə həm də əzəli və əbədi yurd yerlərimizin işğaldan azad olunmasında Azərbaycan övladlarının nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İllərdir həlli müşkülə çevrilən Zəngəzur dəhlizinin açılması istiqamətində məqsədyönlü addımlar atıldı.
Media nümayəndələrinə verdiyi son müsahibəsində cənab İlham Əliyev Zəngəzur dəhlizinin ölkəmiz üçün mühüm strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayaraq qeyd etdi ki, 2021-ci ilin əvəlində dəmir yolunun təməli qoyulub. Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna hələlik böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq, layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolunun yenə də bərpa ediləcəyinə də diqqət çəkib : “Rusiya- Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi - bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir. Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur”.
Bildiyimiz kimi keçən il Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı Türkiyə tərəfi qərar qəbul edib və bu çox önəmli layihə sayılmalıdır, eyni zamanda Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Bu isə bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Təçəbbüskarı dövlətimiz olan körpü öz vəsaitimizlə inşa edilir. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik. Qədim və şərəfli tarixə malik olan, milli dəyərlərinə sadiqlik nümayiş etdirən ,böyük fatehləri qarşısında diz çökdürən qədim Naxçıvanın Baş Planınin hazırlanması isə ilk növbədə quruculuq missiyasının yüksək ahəngdarlığından xəbər verir. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdikamma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. İnamın, qətiyyətin və düşünülmüş siyasətin olduğu yerdə ümidlər gerçəkliyə çevrilir, düşüncələr isə aydın sabahlara pərvazlanır. Çətin görünən problemlərin həlli asanlaşır, mürəkkəb məsələlər isə düzgün yanaşma ilə çözüm tapır.
Bu baxımdan ölkə başçısı, Prezident İlham Əliyevin praqmatik fikirləri və uzaqgörən siyasəti cəmiyyətin zehniyyətini ətalətdən təmizləyir, xalqın gələcək yol xəritəsini nizamlayır. Onun hər bir çıxışı, hər bir təşəbbüsü yalnız bugünkü reallıqları deyil, həm də sabahın inkişaf perspektivlərini müəyyənləşdirir .
Adilə Səfərova Jurnalist