Aləmzər Sadıqqızından  ÜÇ  ŞEİR

Ədəbiyyat 11:58 / 12.01.2026 Baxış sayı: 231

Tapmıram səni...

 

Bəzən də şəhərin adam selində,

Ürəyim diksinir bir səsə sarı

yuxum çin olacaq...dönüb baxıram.

Bəlkə oxşayasan bir kəsə barı...

Bağladı gözümü bir əl arxadan,

Qırılıb ürəyim ayağa düşdü...

Titrədi əllərim əlinin üstə,

Bir qadın əlindən əlim sürüşdü.

Başıma fırlandı sanki adamlar...

-Nədən qorxdun belə, rəngin saraldı?

Dilim də lal oldu, dinə bilmədim,

Sanki zülmət oldu, gözüm qaraldı...

Qız mənə, mən qıza kədərlə baxdıq,

Baxdıq uzun-uzun sitəmkar kimi.

Mənim göz yaşımı görməsin deyə,

Qaçırdım üzümü günahkar kimi.

Suallar gəlirdi özümdən ağır,

Necə deyim axı, yaxşı, iyiyəm...

Sən mənim gözümü bağlayan andan,

Sudan çıxarılmış balıq kimiyəm!

Yuxum da vəfasız çıxır sən kimi,

Bu qədər günahla atmıram səni!

Mən axı itən tək məni tapırdın...

İndi sən itmisən, tapmıram səni.

12.1.2025.

 

Qızıma...

Yenə məni çox üzüblər,

Guya ki, üzgün adamlar.

Hər bir yerdə güldən - gülə,

ürəyə süzən adamlar.

Sənsən mənim ömrüm-günüm,

Əlim çatan səsim-ünüm,

Qırıb, töküblər içimi,

İçimə sızan adamlar.

Tale başdan oyun imiş,

Başa gələn çəkilirmiş,

Tanrı yazanı silirmiş,

Yazımı pozan adamlar.

Nə küs məndən, nə də inci,

Belədir şair "sevinci",

Hey ağlayar İnci -inci,

Söz, şeir yazan adamlar.

12.1.2025.

 

Bahar gəlib...

Hərdən bir qapın döyülə,

Açasan ki Bahar gəlib.

Bir əlində gülüş gəlib,

Bir əlində nahar gəlib.

Deyə, gülə, rəqs eləyə,

Qışda xoş ovqatın gələ.

Hər şeydən, hamıdan gözəl,

Dost adlı sovqatın gələ

Ürəyi billurdan təmiz,

Ruhu gül, çiçək, qadının,

Duası Allah yanında,

Hamıdan göyçək qadının

Günəş kimi işiq saçar,

Ayın nuru üzündədir.

Hər kəlməsi, hər nəfəsi,

Şirin-şəkər sözündədir.

Kimsə bilməz dərd-sərini,

Hamıdan xoşbəxt görünər.

Qəmini saxlar içində,

Sənlə yüz dərdə bölünər.

Bircə damla göz yaşına,

Uzaqlardan uçar gələr,

Bilsə ki, sınıb urəyin,

Ürəyini qucar gələr!

15.12.2024.