Məmməd Qədir  - Yaşadım

Ədəbiyyat 13:00 / 12.01.2026 Baxış sayı: 369

 

Bəxtim başqa rəng vurmadı, Ayüzlüm,

Ağ görünən qaralarda yaşadım.

Bir kənara çıxarmadı gündüzüm,

Gecə-gündüz aralarda yaşadım.

 

Yaman tutur araları toz, külək,

Güzgü candan əl çəkmədi daş-kəsək,

Şüşə kimi çilikləndi bu ürək,

Tikələrdə, paralarda yaşadım.

 

Adam bilirdim özümü, pirmişəm,

Quş ruhumla çox ürəyə girmişəm,

Cəhənnəmi diri gözlü görmüşəm,

Aman Allah, haralarda yaşadım.

 

Axı Tanrı bəndəsini sevirdi,

Mənə gülüb üzün yana çevirdi,

Məcnun edib Xançobana çevirdi,

Leylalarda, Saralarda yaşadım.

 

Məmməd, sən ki, könüllərə çapardın,

Eşq olmasa haqq yolunu sapardın,

Hər gün deşib qaysağını qopardım,

Sən vurduğun yaralarda yaşadım...