Əlirza HƏSRƏT - TUNC HEYKƏLİN QİBLƏSİDİR BU YURDUN

Ədəbiyyat 15:06 / 12.01.2026 Baxış sayı: 385

 

(Ustadlar ustadı Aşıq Ələsgərin şərəfinə)

 

Hər aşığa belə bir ustad gərək,

Qanadlansan,uçmağa inad gərək.

Bu sevdaya külli-kainat gərək,

Sığışarmı hər kitaba Ələsgər?

 

Gültək qoxla,çiçək-çiçək dər sözü,

Bağrına bas,eylə bəxtəvər sözü.

Mirvaridur hər kəlməsi,hər sözü,

Əcəb düzüb ipə-sapa Ələsgər.

 

O dağlardan qəfil duman çəkilsə,

Çəkiləcək o duman da şəkilsə.

Ulu sazda dilə gəlib Ağkilsə,-

Nə oxuyur görək Baba Ələsgər?

 

...Hər məclisə məhəbbətlə buyurdun,

"Səhnəbanu', "Güləndam" oxuyurdum...

Tunc heykəlin qibləsidir bu yurdun,

Oyan,saza de mərhəba,Ələsgər!