Bu məsələ millətin tale məsələsidir-yazdı Arzu Asəd
İroniya ilə sual verirlər ki, guya sən azadsan ki, İrandakı azərbaycanlılar üçün də azadlıq istəyirsən?
Bəli, Azərbaycan Respublikası vətəndaşlarının müəyyən daxili siyasi-sosial-iqtisadi çətinlikləri olsa da onlar azaddırlar. Öz müstəqil dövlətləri, dövlət atributları var. Bu heç mübahisəyə gəlməz. Cənubi Azərbaycan və Bütöv Azərbaycan mövzusu isə ironiya, lağlağı obyekti olmamalıdır. Bu məsələ millətin tale məsələsidir. Azərbaycan dövləti ötən bir-iki il ərzində vaxtında ağıllı tərpənib İran molla rejiminin ölkəmizdə olan agent-trol dəstəsini təmizlədi. Ancaq təbii ki, onların qalıqları qalıb və öz öhdəliklərini yerinə yetirirlər.
Ancaq dövlətin gücünü bildiklərinə görə bu dəfə zopanı əba altından göstərirlər, insanları xəyal qurmamağa çağırır, Cənubi Azərbaycan, yaxud Bütöv Azərbaycan ideyasının bizi uçuruma aparacağı ilə qorxuzur, bu barədə status və rəy yazan insanlara müxtəlif ironiyalı damğalar vurur, özlərini daha rasional, daha praqmatik göstərərək türk və Azərbaycan birliyi ideyalarını məsxərəyə qoymaqdan çəkinmirlər. Yaradıcı təxəyyülü, intuisiyası zəif olan, yalnız quru rasional düşüncəyə əsaslanan bəzi intellektuallarımız da bu istiqamətdə çox yararsız, ağla-kamala, ehtiyatlı olmağa və sairəyə səsləyən tarixi əhəmiyyətsiz, insanların yenilikçi, tarix yaradıcılığı hisslərini korşaltmağa yönəlik ağıl dərsləri verirlər.
Guya biz Bütöv Azərbaycan xəyalı qursaq, bu barədə düşünsək müstəqilliyimizə xələl, dövlətimizə zərər gətirərik. 5 il əvvəl bu ağıl dağarcıqları Xankəndi xəyalı quranlara da belə ironiya edir, belə məsləhətlər verirdilər. Onlar bu millətə ən böyük zərər vurmaq istəyənlərdir. Onlar bu millətin xəyallarının qarşısını kəsmək istəyirlər. Onlar başa düşmürlər ki, şahidi olduqları tarixi hadisələr həm də hər bir fərd üçün bir tarixi enerji mənbəyidir. Bu enerjiyə isə yalnız xəyalla qovuşulur.
Bu enerji ilə donanmaq, xəyalən bu enerji ilə dolub daşmaq lazımdır. Fərdin nəbzi həmin baş verən tarixi hadisələrlə döyünməlidir. Xəyalsız gerçəklik çürüyər, əsasını, zəminini, inkişaf perspektivlərini itirər. Xəyal böyük nemətdir, dadlı nemətdir, bu günlə gələcəyi, maddi olanla mənəvi olanı, fani olanla əbədiyyəti birləşdirən nemətdir. Hələ millət olaraq tarix quruculuğu xəyalı isə bütün həzzlərdən üstündür. Heç kimə xəyallarınızın qarşısını almağa, xəyallarınıza ironiya etməyə imkan verməyin.
Tarixin enerjisinin damarlarımıza daşdığı bu günlərdə Bütöv Azərbaycan xəyalı ilə yaşayın, onu ifadə edin, sözə, sənətə çevirin. Bu, millətin, dövlətin varlığına, onun gələcək inkişafına, birlik və bütövlüyünə verəcəyiniz ən böyük töhfədir.