SƏRVAZ HÜSEYNOĞLU -YOL VERİN, QOY GƏLSİN
Yol verin, Təbrizə gəlsin şah oğlu,
Gəlib millətimdən üzr diləsin.
Əli qana batmış babalarının
Suçlu imanına hüzur diləsin.
Səttar xan, Bağır xan ruhu önündə
Diz çöküb , min dəfə təzim eləsin.
Şahlıq kürsüsündə əyləşməmişdən
Xalqımın nifrətin qoy həzm eləsin.
Görsün gözlərilə kini, nifrəti,
Gəlirəm söyləyən dili lal olsun.
Gəlsin və yenilsin tarix önündə,
Siyasət elmində yeni hal olsun.
Görsün ki, qan verir yaralar hələ,
Unutmur taleyi paralar hələ.
Yol verin, Təbrizə gəlsin şah oğlu,
Görək ki, şeytanlıq xortlayır belə.