Saqif Qaratorpaq - Köhnə bayatı

Ədəbiyyat 11:00 / 04.03.2026 Baxış sayı: 101

 

Heyif, yoxdu xəbərin ürəyimin odundan,

Özümə məktub yazdım hər gün sənin adından,

İstədim ki,unudum...heç çıxmadın yadımdan,

Məni unudan adam,axı,səni sevirəm...

 

Küsmüşəm,barışmaram,kim istəyir barışsın,

Qoy canım tüstülənsin,qoy ürəyim alışsın,

Mən ki yuxu yatmıram,görüm yuxun qarışsın,

Yuxumu qatan adam,axı,səni sevirəm...

 

Məni unutmaq çətin,hər ahından keçərəm,

Səhərinə yol tapıb,sabahından keçərəm,

Bilsəm ki,dönəcəksən,günahından keçərəm...

Günaha batan adam,axı,səni sevirəm...