Mədinə Gülgün-100

YAZARLAR 15:58 / 03.03.2026 Baxış sayı: 157

Bu gün unudulmaz şairəmiz Mədinə Gülgünün günüdür.

Bu gün biz bir ömrün işığına, bir qadın qəlbinin poeziyaya çevrilmiş səsinə, bir xalqın ruhunda iz qoymuş sözün 100 illiyinə şahidlik edirik.

Mədinə Gülgün Azərbaycan poeziyasında zərifliyin, qadın həssaslığının və eyni zamanda möhkəm iradənin rəmzidir. Onun şeirlərində həm sevən qadının səsi, həm ana nəfəsi, həm də vətənə bağlı bir ürəyin döyüntüsü var.

O, qadın duyğusunu oxuculara zəiflik kimi deyil,yenilməz bir güc kimi tanıtdı şeirlərində.. Mədinə Gülgünün şeirlərində məhəbbət incədir, amma əyilməzdir,həsrət ağrılıdır, amma ləyaqətlidir.

Mədinə Gülgün ədəbi mühitə gəldiyi dövrdə qadın şair olmaq asan deyildi.

Bu gün 100 il sonra belə, onun misralarını oxuyanda hiss edirik ki, o, hələ də bizimlədir..

Bir şairin 100 illiyini anmaq əslində sözə sədaqəti qeyd etməkdir. Mədinə Gülgün bizə göstərdi ki, poeziya qadın ürəyinin ən saf və ən güclü ifadəsidir.

Bu gün biz şairənin 100 illik tarixini qeyd etmirik.

Biz bir ürəyin yüz illik döyüntüsünü dinləyirik.Çox sevdiyim bu şairə haqqında qürurla onu deyə bilərəm ki,

Mədinə Gülgün ömrü poeziyada əbədiyyətə çevrilmiş ömürlərdəndir..

Onun hamının dilində və ürəyində yaşayan bir nəğməsini sizə təqdim edir və bu gözəl şairəyə ruhun şad olsun deyirəm..

Sən gəlməz oldun

****

Deyirdin baharda görüşərik biz,

Bahar gəldi, getdi, sən gəlməz oldun.

Daşlaramı dəydi sındı əhdimiz,

Aylar gəldi, getdi sən gəlməz oldun.

 

Dedin, durnalarla gələrəm mən də,

Durnalar qayıtdı sən gəlməz oldun.

Saraldı yarpaqlar çöldə, çəməndə,

Payız gəldi, çatdı sən gəlməz oldun.

 

Deyirdin qapına qonaram quş tək,

Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun,

Yaşamaq eşqiylə vəcdə gələrək

Quşlar yuva qurdu sən gəlməz oldun.

 

Dedin nəğmələrlə dönərəm geri,

Min nəğmə ucaldı, sən gəlməz oldun.

Tükəndi ömrümün bahar günləri,

Könlüm sənsiz qaldı sən gəlməz oldun.