Kəmaləddin Qədim- UZAQLAR YAXINLAŞIR...
Keçib getdi nə çağlar,
Nə çağlar yaxınlaşır...
Nə qarmaqlar, tələlər,
duzaqlar yaxınlaşır...
Düşən elə haq düşür,
Tənha, yalquzaq düşür.
Böyüklər uzaq düşür,
Uşaqlar yaxınlaşır..
Öz küncün, köşən olur,
Darıxmaq peşən olur.
Kürəklər nişan olur,
Bıçaqlar yaxınlaşır..
Eşq könlünün məbədi,
Dön başına, Kəbədi.
Yaxınlaşır, əbədi
qucaqlar yaxınlaşır...
Qəm yemə xəstə canım,
Gedirsən dosta, canım.
Hər gün bir az da, canım,
Uzaqlar yaxınlaşır...