Ehtiram İlham - Var olsun

Ədəbiyyat 17:30 / 02.03.2026 Baxış sayı: 419

Yetmədi fəryadın qanlı daşlara,

Özünə çatdımı hayın, var olsun...

Təpə görməyənlər dağdan aşdısa

Bu qarı fələyi söyün, var olsun

 

Bir qara sevdatək ruhumu sardın,

Gördünmü, bu candan nələr qopardın?

Aşikar gəlmişdin, pünhan apardın,

Mülkümü uçurtdu öyün, var olsun.

 

Hər gözəl diyara Tovuz demədim,

İçimdən keçəni səssiz demədim.

Hamıya hər yerdə əziz demədim,

Bütün əzizlərə deyin, var olsun.

Gözəl arzuların muradına çat,

Gözünü, könlünü oxşasın həyat.

Göyün öz yerinə açsın qol-qanad,

Yerini çığnayan Göyün var olsun.

Çox da ki Ehtiram yandı, alışdı,

Sonu əvvəlinə hopub, qarışdı.

Kimin ki, haqq sözü dildə dolaşdı,

Onu da düz adam sayın,

var olsun.

02.03.25.