Sədagət   Kərimova - GETDİ

Ədəbiyyat 15:08 / 02.03.2026 Baxış sayı: 397

 

Daha olmayacaq əvvəlki kimi,

Pozuldu nizamı, dəyişdi çəmi,

Ürək sızıldadır indi hər dəmi,

Getdi, bu dünyanın qaymağı getdi.

Çiçək dənizinə batdığımız çöl,

Leyləklər yazlayan o bəxtəvər göl,

Döşlərdə yurd salan neçə oba, el

Bilir, bu yerlərin yaylağı getdi.

O gözəl, o yaşıl bərələrini,

Yarpızlı, nanəli dərələrini,

Quzulu, toğlulu sürülərini

Çobanın yallara yaymağı getdi.

 

Əridi dağların minillik qarı,

Dəyişdi tamını bağların barı,

Göylərə sovruldu torpağın varı,

Çayları qurudu, çaylağı getdi.

 

Gözəllik duyğusu korşalan kəslər,

Dünyanı bir başqa ahəngdə süslər.

Çatır qulağıma qəribə səslər:

Getdi dünyamızın novrağı, getdi.

 

Hələ ki, təbiət diləyir aman,

İnsanlar dağ çəkir kökşünə yaman,

Bir gün təəssüflə deyəcək zaman:

Dünyanın ən ali qonağı getdi.