Məmməd Qədir - Açılmır

Ədəbiyyat 18:15 / 02.03.2026 Baxış sayı: 448

 

Diz çökmüşəm səhərimə üfüqdə,

Yalvarıram zülüm -zülüm,açılmır.

Kilidlənib ürəyimin qapısı,

Ha döyürəm, içim-çölüm açılmır.

 

Bu dünyaya doğulmağım səhv olub,

Ümidlərim gül üstündə məhv olub,

Son harayım boğazımda dəfn olub,

Laldı dil-dil ötən dilim, açılmır.

 

Dərd dağına gülə-gülə çıxmışam,

Səbr etdikcə öz evimi yıxmışam,

Son ümidi ovucumda sıxmışam,

Düyünlənib qalıb əlim, açılmır.

 

Məmməd dönsə ilqarından ər deyil,

Eşqə uymuş, xeyirədi, şər deyil,

Umacağım qızıl deyil, zər deyil,

Niyə mənim bəyaz gülüm açılmır?!!